!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Humanizm, yoxsa “arzuedilməz çıxış”? - Akif Çovdarovun məhbəsdən buraxılmasına FƏRQLİ REAKSİYALAR

!Reklam – Yazi

Zəlimxan Məmmədli: “Akif Çovdarovun əfv edilərək, azadlığa buraxılması ortadakı aqressiyanı xeyli artırdı”.

Sərdar Cəlaloğlu: “Azərbaycanda yaşlı məhbusları koronavirus epidemiyasından qorumaq üçün verilmiş əfv sərəncamı alqışlanmalıdır”.

Dünən Prezident İlham Əliyevin əfv sərəncamı ilə 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılması cəmiyyətdə ciddi müzakirə olunmaqdadır. Əfv olunanların sırasında keçmiş MTN-in generalı, bir sıra cinayətlərdə ittiham olunaraq, uzun müddətə azadlıqdan məhrum edilmiş Akif Çovdarovun və digər kriminallaşan şəxslərin də olması bu müzakirələrə əlavə ton verir. O baxımdan, qeyd olunan sərəncamı müsbət qiymətləndirənlərlə yanaşı, əfv olunanlar arasında cəmiyyətin kəskin münasibət bəslədiyi şəxslərin olmasını qəbul etməyənlər var.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, koronavirus təhlükəsinə baxmayaraq, Akif Çovdarov kimi cəmiyyət üçün təhlükəli fiqurların azadlığa buraxılması anlaşılmır.

Zəlimxan Məmmədlinin sözlərinə görə, Çovdarovun həbsdən azad edilməsi cəmiyyətdə şok effekti yaradıb:

“Həm istintaqda sübut olunub, həm də ictimaiyyətə bəllidir ki, Akif Çovdarov şantaj yolu ilə məmurlardan milyonlarla pul tələb edib. Onun adı başqa kriminal məsələlərdə də hallanır. Çaşıb qalmışam ki, bu əfvin fəlsəfəsində nə dayanır?

Akif Çovdarovun türmədə olmasına dünyada etiraz edən yox idi. Əksinə, cəmiyyətdə bir rahatlıq vardı ki, müəyyən mənada kriminallaşmış şəxslər təcrid olunublar. Belə adamlar qorxuludurlar, islah oluna bilməzlər. Ancaq siyasi məhbuslar var ki, onların azadlığı daha önəmli idi.

Bu addım cinayətkarlarda arxayınlıq yarada bilər ki, həbs olunub, sonra da əfv edilmək şansı var. Bu əfvi islahedici bir qərar olaraq, görmürəm”.

Əfv sərəncamını Yenicag.az-a dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu addımı doğru saydığını və yüksək qiymətləndirdiyini deyib:

ADP sədrinin fikrincə, həmin sərəncamın müəyyən kateqoriyalara aid başqa məhbuslara da şamil olunması mümkün idi:

“Bu istiqamətdə digər ölkələrdə də, Avropa dövlətlərində də konkret addımlar atılır. Avropa İttifaqının komisarı bu məsələni qaldırıb ki, məhbusları koronavirus epidemiyasından qorumaq üçün təcili tədbirlər görülməlidir.

O baxımdan, Azərbaycanda atılan bu addım alqışlanmalıdır. Mənə elə gəlir ki, bunu genişləndirmək də olardı. Yəni əfv sərəncamını yalnız 65 yaşdan yuxarı məhbuslara deyil, həm də yüngül cəzalar alan, cəza müddəti başa çatmağa az qalmış məhbuslara da şamil etmək olardı.

Bu addım həbsxanaların yükünü də xeyli yüngülləşdirərdi. Həbsxanalarda elə bir şərait yoxdur ki, bir nəfərdə koronavirus aşkarlansa, onu təcrid etmək mümkün olsun. Bir barakda 180-200 adam yatır. Əgər bir məhbus yoluxsa, orada yatanların hamısı o xəstəliyə tutulacaq.

Həbsxanalardakı şəraiti nəzərə alsaq, ağır cinayət törədənlər istisna olmaqla, mümkün qədər daha çox məhbusu azadlığa buraxmaq lazımdır. Ümumi yanaşdıqda isə yenə deyirəm, bu, çox düzgün addımdır”.

Sərdar Cəlaloğlu məlum əfv sərəncamını siyasiləşdirməyin əleyhinə olduğunu deyib:

“Əlbəttə, siyasi məhbusları da azadlığa buraxmaq olardı. Əslində, bu məsələnin özünü siyasiləşdirmək düzgün deyil. Koronavirus infeksiyası milli təhlükədir, bütün xalqları təhdid edir.

Yüksək vəzifəli şəxslər, ulduz futbolçular, nazirlər, deputatlar da koronavirusa yoluxurlar, heç kəs bundan sığortalanmayıb. Bu virus yalnız imkansız şəxslərin tutula biləcəyi xəstəlik deyil. Hər kəs təhdid altındadır.

Ona görə də, buna siyasi yox, ümummilli məsələ kimi baxılmalıdır. Təbii ki, siyasi məhbusların da əfv edilməsi lazımdır. Əgər həbsxanalara koronavirus yayılsa və ölənlər olsa, onlar arsında siyasi məhbusların da olacağı qaçılmazdır. Bu isə iqtidarın nüfuzuna növbəti zərbə olacaq. O səbəbdən də, iqtidarın ilk növbədə siyasi məhbusları azadlığa buraxması daha zəruri idi”.

Səxavət Məmməd

www.yenicag.az

965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv