!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Hüquq mühafizə orqanları medianın işinə qarışmamalıdır” - Rəşad Məcid

!Reklam – Yazi
Azərbaycan Mətbuat Şurasın sədri Rəşad Məcid Amerikanın Səsinə müsahibəsində ölkədə mətbuat azadlığı, yeni “Media haqqında” qanun və jurnalistlərin təhlükəsizliyi ilə bağlı danışıb. 

Amerikanın Səsi: Mətbuat Şurasının yeni sədri kimi hansı dəyişikliklər etmək fikrindəsiniz?

Mətbuat Şurasının əsas funksiyası mətbuatın özünü tənzimləmə qurumu olaraq etik davranış qaydalarına əməl etməsinə çağırışdır.

Rəşad Məcid: Mətbuat Şurası 2003-cü ildə yaranıb. O vaxt mətbuatın aparıcı qüvvələri qəzetlər idi, yazılı media idi. İndi 8-ci qurultayda jurnalistlər yeni idarə heyətini seçdilər. İdarə heyətinin 11 nəfər yeni üzvü oldu. Bu, idarə heyəti üzvlərinin təxminən yarısı deməkdir. Bunların içərisində gənclər var, yeni medianın nümayəndələri var, həm də sosial şəbəkə fenomenləri var. İndi informasiya məkanı genişlənib. Mətbuat Şurasının da əsas funksiyası mətbuatın özünü tənzimləmə qurumu olaraq etik davranış qaydalarına əməl etməsinə çağırışdır. İndi jurnalist adına iddia edənlər də çoxalıb. Jurnalistikanın təməl prinsiplərini pozan insanlar da çoxdur. Bu mənada biz arzulayırıq və fikrimiz odur ki, Mətbuat Şurası əvvəlki illərdə olduğundan daha geniş, əhatəli fəaliyyət göstərsin. Biz etika komissiyası yaratmışıq. Ona nüfuzlu jurnalistika professoru Qulu Məhərrəmli rəhbərlik edəcək. O komissiyanın tərkibinə həm idarə heyətinin üzvləri, həm də ictimaiyyətin fəal nümayəndələri daxil olacaq. Biz həm də sosial media nümayəndələrinə, qismən jurnalist fəaliyyəti ilə məşğul olanlara çağırış edəcəyik ki, etik davranış qaydalarına əməl etsinlər. Vulqar ifadələrdən, söyüşdən, xurafata, intihara çağırışlardan çəkinsinlər. Əsas etik prinsiplərin qorunmasıdır ki, düşünürəm buna nail ola biləcəyik.

Amerikanın Səsi: Ölkədə mətbuatın durumu necədir? Xüsusilə də çap mətbuatının durumu necədir?

Azərbaycanda reklam bazarı çox məhduddur. Bu məhdud bazar ilə medianın biznes strukturuna çevrilməsi çətindir.

Rəşad Məcid: Mənim həyatım çap mediası ilə bağlıdır. “525-ci qəzet”in təsisçisi olmuşam, 30 ildir fəaliyyət göstərir. Qəzetçilik ömrümün mənasıdır. Amma, eyni zamanda mən də ağrı ilə olsa da deyirəm ki, artıq çap mediası öz ömrünü sona verməkdədir. Mətbuatın forması dəyişir. Yeni media ortaya çıxıb. Həm də biz uzun müddətdir deyirik ki, Azərbaycanda reklam bazarı çox məhduddur. Bu məhdud bazar ilə medianın biznes strukturuna çevrilməsi çətindir. Bu baxımdan indi elə vəziyyət yaranıb ki, artıq yazılı mətbuatı qoruyub saxlamaq mümkün deyil. İstər-istəməz satış azalıb, reklam yoxdur. Buna görə də bir xeyli hallarda bizim mediamız dövlətin dəstəyinə arxayındır. Dövlət əvvəllər fond, inid isə Media Agentliyi vasitəsi ilə müəyyən layihələri maliyyələşdirməklə mətbuatın ayaqda qalmasına yardım edir.

Amerikanın Səsi: Yeri gəlmişkən, Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edildi. Bu qanun beynəlxalq tənqidlərə məruz qaldı, o cümlədən Avropa Şurasının Venesiya Komissiyası qanunun qəbul edilməməsinə çağırdı. Sizin münasibətiniz necədir? Yeni “Media haqqında” qanun ölkədə media azadlığını məhdudlaşdırır, ya yox?

Qəsdən yaradılmış bir xofdur və qanun jurnalist fəaliyyətinə heç bir məhdudiyyət qoymayacaq. Reyestrə daxil olmadan da  jurnalist fəaliyyəti ilə məşğul olacaqsan.

Rəşad Məcid: Mən elə bilirəm ki, bu, qanunun ətrafında yaranmış bir xofdur. Bəlkə də müəyyən şəxslər tərəfindən qəsdən yaradılıb. Bu qanunu hazırlayanlar, Media Agentliyinin nümayəndələri, ekspertlər, mən onları başa düşürdüm. Onlar istəyirlər ki, peşəkar medianı ayırd etsinlər. Peşəkar mediaya dövlətin dəstəyinə nail olsunlar. Amma, məsələ burasındadır ki, indi informasiya məkanı o qədər genişlənib ki, indi media adına iddia edənlər çoxdur və ona görə də qanunda media reyestrinin yaradılması məsələsi var ki, burada peşəkar jurnalist fəaliyyəti ilə məşğul olan adamlar reyestrə düşə biləcək. Amma, indi ətrafda belə bir xof yaranıb ki, qalan insanlar jurnalist fəaliyyəti ilə məşğul olmayacaq. Əksinə, heç bir belə məhdudiyyət olmayacaq. Media Agentliynin rəhbəri də dəfələrlə deyib. Biz Media Agentliyi ilə Mətbuat Şurası arasında memorandum da imzaladıq. Orada da əksini tapıb, Azərbaycan prezidenti də dəfələrlə deyib ki, Azərbaycanda mətbuat, söz azadlığı, internet azadlığı sahəsində problem yoxdur. Bu baxımdan, mənə elə gəlir ki, qəsdən yaradılmış bir xofdur və qanun jurnalist fəaliyyətinə heç bir məhdudiyyət qoymayacaq. Reyestrə daxil olmadan da jurnalist fəaliyyəti ilə məşğul olacaqsan. Amma, orada məqsəd elədir ki, peşəkar media nümayəndələri seçilir və onların hansısa tədbirlərdə iştirakı, dövlətin onları tanıması, dövlətin daha müxtəlif imtiyazlarından istifadə olunması məsələsində məhz o reyestrdə olan peşəkar jurnalistlərə üstünlük veriləcək.

Amerikanın Səsi: Amma, gəlin etiraf edək, Azərbaycanın prokurorluqları “Media haqqında” qanuna istinad edərək bir çox jurnalistlərə, sosial şəbəkə iştirakçılarına tez-tez xəbərdarlıq edir. Yəni, bu yeni “Media haqqında” qanunun jurnalist fəaliyyətinə təsiri deyilmi?

Biz onun tərəfdarıyıq ki, Media Agentliyi və Mətbuat Şurası bu məsələlərdə əsas rol oynasın. Hüquq  mühafizə təşkilatları bu məsələyə qarışmasınlar və medianın problemlərini media özü həll etsin.

Rəşad Məcid: Prokuroluq ki, bir çox media nümayəndələrinə xəbərdarlıq etmişdi, mən onda da öz fikrimi bildirdim. Bunun qəbuledilməz bir hal olduğunu dedim. Prokurorluq “Media haqqında” qanuna istinad edə bilməz. Çünki “Media haqqında” qanunda o xəbərdarlıqlar Media Agentliyinə həvalə olunub. Amma, müəyyən başqa qanunlarda, Azərbaycan qanunvericiliyində internet məkanında, digər məkanlarda hüquqi məsuliyyət yaradan hallar var. Bununla bağlı prokurorluq xəbərdarlıq edə bilər. Amma, “Media haqqında” qanuna istinadən hansısa jurnalistə xəbərdalıq etmək prokurorluğun səlahiyyətinə daxil deyil. Bunu Media Agentliyi etməlidir. Biz də Mətbuat Şurası olaraq etik prinsiplərin pozulduğu zaman öz münasibətimizi bildirəcəyik. Biz onun tərəfdarıyıq ki, Media Agentliyi və Mətbuat Şurası bu məsələlərdə əsas rol oynasın. Hüquq mühafizə təşkilatları bu məsələyə qarışmasınlar və medianın problemlərini media özü həll etsin.

Amerikanın Səsi: Avropa Şurası Parlament Assambleyası Azərbaycanda jurnalistlərin və insan hüquqları müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı məruzəçi təyin edib. Sizcə Azərbaycanda jurnalistlərin təhlükəsizliyinə hər hansı təhdid varmı? Necə qiymətləndirirsiniz?

Təkcə jurnalistin yox, hər bir insanın sözünü demək, hətta çox zaman məsuliyyətsizcəsinə bəyanat vermək imkanları olduğu bir məkanda artıq söz azadlığının, jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını söyləmək bir az qəribə görünür.

Rəşad Məcid: Mən vaxtı ilə Avropa Şurasının sessiyalarında çox olmuşam. Orada açıq-aşkar Azərbaycana qərəzli olan müəyyən deputatların fikirlərini də eşitmişəm. Məruzəçi təyin edilməsinə də faciə kimi baxmıram. Yəqin ki, məruzəçi gəlib obyektiv araşdıracaq. İndi söz azadlığına hansısa məhdudiyyət olduğunu söyləmək bir az absurddur. Çünki, indi təkcə jurnalistin yox, hər bir insanın sözünü demək, fikrini bildirmək, hətta çox zaman məsuliyyətsizcəsinə bəyanat vermək imkanları olduğu bir məkanda artıq söz azadlığının, jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını söyləmək bir az qəribə görünür. Mən elə bilirəm ki, bu məsələlər məruzəçinin də diqqətində olacaq. Arzulayırıq ki, obyektiv bir məruzə hazırlansın.

www.yenicag.az

1814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv