2024-cü ilin birinci yarımilinin nəticələrinə əsasən depozitlərin dollarlaşmasında nəzərəçarpacaq dəyişiklik olmayıb. Belə ki, ötən ilin sonu ilə müqayisədə cəmi depozit portfelinin dollarlaşma səviyyəsi 38.7%, fiziki şəxslərin depozitlərində bu göstərici 34.4%, hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi isə 41.5% təşkil edib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı”nda bildirilir.
Qeyd edilib ki, sektorun əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində azalma qeydə alınsa da, fiziki şəxslərin depozitlərində yüksək artım müşahidə edilib. Belə ki, cari ilin I yarımili ərzində hüquqi şəxslərin depozitləri 3% (663 mln. manat) azalaraq 21.3 mlrd. manat, fiziki şəxslərin depozitləri isə 10.3% (1.3 mlrd. manat) artaraq 13.9 mlrd. manat təşkil edib. Nəticədə 2024-cü ilin I yarımilinin sonuna olan göstəricilərə əsasən hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 2.7 faiz bəndi azalaraq 48.3%, fiziki şəxslərin depozitlərinin öhdəliklərdə payı isə 2.3 faiz bəndi artaraq 31.5% olub.
Bildirilib ki, fiziki şəxslər üzrə depozitlərin artımının əsas hissəsi (67%-i) müddətli depozitlərin artımı hesabına baş verib. Hüquqi şəxslərin depozitlərinin azalmasının əsas səbəbi iri neft-qaz şirkətlərinin biznes əməliyyatları olub.