Hüquqları pozulan istehlakçı, məsələyə aidiyyəti olmadığını deyən sahibkar – Problem necə həll olunmalıdır?
Azərbaycanda 2011-ci ildən idman avadanlıqları satışı ilə məşğul olan “Volks Sport” mağazası ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Belə ki, 2018-ci ilin fevral ayında şikayətçi Sənan İsmayılova “Volks Sport” mağazasında VolksGum “LEGEND” markalı qaçış lenti satılıb. Bu ilin iyununa qədər işlək vəziyyətdə olan avadanlıqda texniki qüsur yaranıb. Zəmanət müddəti altı ay olsa da, ödənişli təmiri üçün həmin mağazanın servisinə müraciət edən Sənan İsmayılov fərqli mənzərə ilə qarşılaşıb. Qaçış lentinə baxış keçirilən zaman məlum olub ki, məhsuldakı nasazlıq birbaşa zavodun istehsalı ilə bağlıdır və bu problemi də həmin zavodda aradan qaldırmaq olar. Bununla bağlı da servisin direktoru Orxan Əhmədov akt tərtib edib.
“Volks Sport” mağazasına yenidən müraciət edən Sənan İsmayılova bildirilib ki, mağaza başqa şəxsə satılıb, adı dəyişdirilərək “Euro sport” olub, heç bir hüquqi varisliyi qalmadığı üçün də hazırki rəhbərliyin məsələyə heç bir adiyyəti yoxdur. Bu səbəblə də avadanlıq nə təmir edilə bilər, nə də zavoda geri qaytarıla bilər. Məsələ ilə bağlı mağaza ilə əlaqə saxladıq. Qarşı tərəf məsələni İqtisadiyyat.az saytına təsdiqlədi və müştəriyə həmin məhsulun endirimlə yenisini almağı təklif edərək, bu cür köməklik edə biləcəyini dedi.
Bəs məsələnin hüquqi tərəfi necə həll olunmalıdır? Bu kimi problemlərlə qarşılaşan vətəndaşlar hara müraciət etməlidir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov problemə bu cür aydınlıq gətirdi: “Mağaza satılmış olsa belə hazırki rəhbərlik yenilənən müqavilə ilə, həmin zavodun məhsullarını satırsa, birmənalı şəkildə istehlakçının hüququnu qorumaq üçün müəyyən işlər görməlidir. İstehsalçı zavod da məsələdən heç vaxt yayınmaz. Çox təəssüflər olsun ki, bu kimi problem hazırda tikinti sahəsində də özünü göstərməkdədir. Sahibkarlar dəyişərək, özlərini müflis elan edirlər və insanları aldadırlar. Bu da elə həmin problemlərdən biridir. Düşünürəm ki, yeni sahibkar kənara çəkilməməlidir və hüquqi varisliyi olmasa belə vətəndaşın problemini həll etməlidir. Etmədiyi halda şikayətçi bizə ərizə ilə müraciət edərsə, biz problemi geniş şəkildə araşdırıb, tam həll edərik.”
Qeyd edək ki, əlaqə saxladığımız zaman mağazadan bildirildi ki, şirkət adını dəyişmiş olsa belə hazırda həmin zavodun məhsullarını satır.
Məsələyə yenidən qayıdacağıq!