Hüquqşünas yandırılaraq öldürülən Nərminin qatilinə ölüm hökmü istədi: “Sağ qalmağa haqqı yoxdur” – VİDEO

“O şəxsin sağ qalmağa haqqı yoxdur. O qətli törədən şəxs tapılıb, öldürülməlidir. Ən ağır cəza olaraq həmin şəxsə qanuni şəkildə ölüm hökmü oxunmalıdır”.

Hüquq müdafiəçisi Ellada Bayramova Yenicag.az-a açıqlamasında Tovuzda yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatili üçün ağır cəza verilməsini istəyib.

O, bu qətlin dərindən araşdırılmasını tələb edib.

“Bu, toplum olaraq hər birimizin günahıdır”, – deyən hüquqşünas belə dəhşətli hadisələrin törədilməsində cəmiyyətin böyük məsuliyyət daşıdığını da bildirib:

“Biz cəmiyyətin ən məsum, ən təmiz varlıqlarını qoruya bilmiriksə, insan adını daşımağa haqqımız yoxdur…”

Qeyd edək ki, hüquq mühafizə orqanları Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il 21 noyabr tarixində itkin düşən 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın yandırılaraq qətlə yetirildiyi barədə məlumat yayıb.

Xatırladaq ki, bazar ertəsi axşam saatlarında qızın cansız bədəni evlərinin qarşısına atılıb. Uşaq yandırılarkən, alovu qonşular görüb. Dərhal yanğın söndürülüb və qonşular Nərmini tanıyıblar. Bu haqda onun valideynlərinə və polisə bildirilib. Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. İlkin versiyaya görə qatil qıza təcavüz edib və daha sonra izi itirmək üçün onu qətlə yetirib.

Bundan öncə isə qızın yol-nəqliyyat hadisəsinin qurbanı olduğu ehtimal olunurdu.

Cəvahir

COP29