“Hürriyyət” qəzetinin baş redaktoruna təhdid – Vüqar Məmmədovu “qulağını kəsməklə” hədələdilər – VİDEO

“Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”-nin Baş redaktoru Vüqar Məmmədov təhdid olunur. Belə ki, Naxçıvan Muxtar Respublikası (MR), Culfa rayonu, Bənəniyar kənd sakini Cabiyev Malik Əjdər oğlu özünün “Tik-Tok” səhifəsi üzərindən paylaşım edərək, Baş redaktoru “qulağını kəsməklə” təhdid edib.

V.Məmmədov bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib. Yenicag.az həmin müraciəti olduğu kimi dərc edir:

“Hörmətli cənablar!

Diqqətinizə çatdırmaq istəyirəm ki, son günlər jurnalist fəaliyyətimlə əlaqədar açıq şəkildə təhdid olunmaqdayam. Hətta vəziyyət o həddə çatıb ki, Naxçıvan Muxtar Respublikası (MR), Culfa rayonu, Bənəniyar kənd sakini Cabiyev Malik Əjdər oğlu məni “Tik-tok” platforması üzərindən təhdid edərək, “deyəsən, sənin qulağın lezva görməyib. Mən o lezvanı sənin qulağına çəkərəm”, – deyir.

Azərbaycan qanunlarına meydan oxuyurcasına məni açıq şəkildə təhdid edən bu şəxs “mən dövlətimə arxayınam”, – deyərək, öz qanunsuz əməllərinin cəzasız qalacağına inanır. Lakin Cabiyev Malik Əjdər oğlunun bu təhdidi ölkəmizdə azad medianın susdurulmasına cəhddən başqa bir şey deyil. Hansı ki, bu qanunsuz əməlin arxasında da maraqlı qüvvələrin olduğunu düşünürəm. Güman edirəm ki, məni “qulağımı kəsməklə” təhdid edən Cabiyev Malik Əjdər oğlu sadəcə “qurbanlıq” kimi ortaya atılıb, onu idarə edən şəxslər var.

Şübhəsiz ki, ölkə qanunlarını, o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyətini görməzdən gələrək, sosial şəbəkə vasitəsilə nüfuzlu media subyektinin rəhbərini canlı olaraq təhdid edən Cabiyev Malik Əjdər oğlunun bu əməli cəzasız qalmamalıdır. Bu baxımdan, Sizdən xahiş edirəm ki, məni təhdid edən bu şəxs barəsində hüquq müstəvisində tədbir görülməsi, eləcə də bu işdə onu himayə edən maraqlı qüvvələrin olub-olmadığının aşkara çıxarılması üçün aidiyyəti qurumlara göstəriş verəsiniz.

Sizə öncədən dərin minnətdarlığımı bildirirəm!

 

 

COP29