!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüseyin Büyükfırat yenidən sədr seçildi: TÜİB qurultayına kimlər qatıldı? - FOTOLAR

!Reklam – Yazi

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) idarə heyətinin 5-ci qurultayı keçirilib.

Yenicag.az xəbər verir ki, qurultaya Türkiyə Prezident Adminstrasiyasının Maliyyə Ofisinin rəhbəri Göksəl Aşan, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ərtoğrul Soysal, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov, Türkiyə səfirliyinin nümayəndələri, millət vəkilləri, sahibkarlıq təşkilatlarının – ASK, ATİB, MÜSİAD rəhbərləri, iş adamları, idarəçilər və ictimaiyyət nümayəndələri qatılıblar.

TÜİB sədri Hüseyin Büyükfırat açılış nitqini edərək hər kəsi salamlayıb. Büyükfırat Türkiyə ilə Azərbaycanın birgə mədəni irsinin olduğunu, ticarət münasibətlərinin ortaq tarixdən miras qaldığını bildirib.

“Sosial məsuliyyətimizin fərqindəyəm. Prezidentlərimizin müəyyənləşdirdikləri ticarət həcmi hədəfinə çatmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə TÜİB sədri qeyd edib.

Türkiyə Prezident Administrasiyasının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan çıxışına prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını iştirakçılara çatdırmaqla başlayıb. Aşan qardaş ölkələr arasında münasibətlərin, o cümlədən təhlükəsizlik, sosial sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, hazırda qarşıda duran əsas məsələlər iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi, iki ölkə iqtisadiyyatlarının inteqrasiya edilməsi, Azərbaycan və Türkiyənin 3-cü ölkələrə mal və xidmətlərin təqdim edilməsinə başlanmasıdır.

“Azərbaycanın inkişafına Türkiyə olaraq hər cür dəstəyi veririk, verməyə də davam edəcəyik. Qarabağın dirçəldilməsi vacibdir. Orada da türk iş insanlarına böyük iş düşür. Bu bir fürsət deyil, bir vəzifədir. Bu, şəhidlərimizə olan vəzifəmizdir”, – deyə Aşan bildirib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu və daha da inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ən çox xarici sərmayə yatırdığı ölkədir və bu sahədə birinci yeri tutur.

E.Əliyev bildirib ki, hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərinin yenidən qurulmasında türk şirkətləri, o cümlədən iri holdinqlər aktiv iştirak edir. Azərbaycanda indiyədək 4800-ə yaxın türk şirkətinin qeydiyyatdan keçdiyini xatırladan nazir müavini TÜİB-in fəaliyyətinin əhəmiyyətini vurğulayıb:

“Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi üçün özəl sektor nümayəndələrinin və bu iş adamlarının təşkilatlandığı strukturların, o cümlədən İctimai Birliyin həyata keçirdiyi fəaliyyət çox önəmlidir”.

Tədbirdə çıxış edən digər iştirakçılar da Azərbaycan və Türkiyə arasında sosial-iqtisadi əlaqələrinin inkişafı, əhəmiyyəti, iki ölkənin biznes qurumlarının əməkdaşlığı barədə məlumat verərək TÜİB-in fəaliyyətində uğurlar arzu ediblər.

TÜİB-in ümumi yığıncağında qurumun rəhbərliyinə – idarə heyətinə seçkilər keçirilib. Şəffaf və demokratik şəraitdə keçirilən seçkilərin nəticəsi olaraq Hüseyin Büyükfırat yenidən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri seçilib. Yığıncaqda, həmçinin TÜİB-in Nəzarət və Təftiş komissiyası da formalaşıb.

Sonda çıxış edən TÜİB-in rəhbəri Hüseyin Büyükfırat yeni seçilən üzvləri bir daha təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Qeyd edib ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi bundan sonra da ölkə iqtisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verməkdə davam edəcək.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv