Hüseyin Büyükfırat yenidən TÜİB sədri seçildi Bakıda TÜİB-in 3-cü Dönəm Seçkili Ümumi Yığıncağı keçirilib.
Yenicag.az xəbər verir ki, bu gün “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) 3-cü Dönəm Seçkili Ümumi Yığıncağı baş tutub.
Yığıncaq Ümummilli Lider Heydər Əliyev və Ulu Öndər Mustafa Kamal Atatürk və bütün şəhidlərin xatirəsinin anımı ilə başlayıb. Bundan sonra hər iki ölkənin himnləri səslənib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Prezident Administrasiyasının nümayəndəsi Bəhruz Həsənov, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) Azərbaycandakı təmsilçisi Ufuk Turganer, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Kənan Hacıyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəhbəri Məmməd Musayev, TÜİB rəhbərliyi, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) nümayəndələri, iş adamları və ictimaiyyət təmsilçiləri iştirak ediblər. Tədbirdə TÜİB-in sədri Hüseyin Büyükfırat qurumun fəaliyyəti, yarandıqdan bəri apardığı işlər və həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Büyükfırat bildirib ki, yarandığı gündən indiyədək TÜİB həm iqtisadi, həm sosial, həm də Azərbaycanın dünyaya tanıdılması sahəsində böyük layihələrə imza atıb. Bura iş adamları arasında əlaqələrin yaradılması, iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin təbliği, eləcə də mühüm sosial məsuliyyət tədbirləri daxildir. Təşkilatın həyata keçirdiyi ən mühüm layihələrdən biri də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin dirçəldilməsi olub. Yığıncaqda TÜİB-in gördüyü işlərlə bağlı videotəqdimat keçirilib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral TÜİB-in iki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirib. Özoral TÜİB-in gələcək fəaliyyətində də qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyəcəyinə ümid etdiyini bildirib. Prezident Administrasiyasının nümayəndəsi Bəhruz Həsənov çıxışında TÜİB-in Azərbaycan-Türkiyə ticari-iqtisadi əlaqələrinin güclənməsində oynadığı rolu vurğulayaraq, bu qurumun digər sahələrdə də vacib layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Bəhruz Həsənov Azərbaycanda Türkiyəli iş adamlarının vahid platformasının yaradılmasının zəruriliyini vurğulayıb. Yığıncaqda çıxış edən Ziyad Səmədzadə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ŞKTR-in Azərbaycandakı nümayəndəsi Ufuk Turganer çıxışlarında TÜİB-in fəaliyyətini yüksək qiymətləndirib, sonrakı dövr üçün tövsiyələrini açıqlayıblar.
Tədbirdə bir qədər əvvəl Dünya Bankının açıqladığı «Doing Business» hesabatı və burada Azərbaycanın biznes üçün yaradılan şəraitə görə yüksək yer tutması qeyd edilərək, yaradılan şəraitə görə, ölkə rəhbərliyinə təşəkkür edildi. Tədbrdə TÜİB-in rəhbərliyinin, idarəedici və nəzarət qurumlarının üzvlərinin seçilməsi, qurumun nizamnaməsinə dəyişikliklər müzakirə olunub.
Ümumi Yığıncağın sonunda TÜİB üzvləri Hüseyin Büyükfıratı yekdilliklə, yenidən İdarə Heyətinin sədri seçiblər.