Bu gün ölkəmizin paytaxtı Bakıda daha bir beynəlxalq miqyaslı tədbir öz işinə start verdi. Belə ki, bütün dünyada aktuallığı günü-gündən artan İctimaiyyətlə Əlaqələr sektoru Azərbaycanda da mövqeyini möhkəmləndirməkdədir.
Yenicag.az xəbər verir ki, 2018-ci il fevralın 17-18-də Bakıda ilk dəfə olaraq keçirilən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu dünyanın bu çağırışına səs vermək təşəbbüsüdür.
Forumun təşkilatçısı PRoloq İctimai Əlaqələrin İnkişafı Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalıdır. Forum “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşir. Forum Azərbaycan Respublikası Mətbuat Şurası və Beylnəlxalq Karyera İnstitutu tərəfindən də dəstəklənir.
Müxtəlif yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Aydın Mirzəzadə, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turgener və yerli mütəxəssislərlə yanaşı, Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının prezidenti (IPRA) Bart de Vries olmaqla Amerika, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolgarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən olan peşəkarlar iştirak edirlər.
Forumun proqramında “Qarşılıqlı münasibətlər erasına xoş gəlmisiniz”, ” PR-da yaradıcılıq: strateji zərurət”, “Yaradıcılıqda mükəmməllik gerçəkliyi”, “Yaponiyanın PR təcrübəsi”, “PR-da uğur, rəqabət və tərəfdaşlıq kifayət qədər innovativdirmi?” və başqa mövzularda kreativ təqdimatlar yer alır.
Bütün sahələrdə olduğu kimi, müasir dünyada çox önəm verilən təhsil sahəsində də İctimaiyyətlə Əlaqələrin böyük rolu var. Odur ki, Forum çərçivəsində ayrıca Təhsil paneli də gerçəkləşdiriləcək. Məşhur təhsil və PR ekspertləri bir araya gələrək, “Beynəlxalq təhsil brendinin formalaşmasında PR-ın gücü”, “Təhsildə Finlandiya modeli niyə maraqlıdır?”, “Dünyanı dəyişdirəcək uşaq sizin sinifinizdə ola bilər”, “Şagirdlərdə özünə inam yaratmaq və onların yaradıcılığına təkan verməyin yolları” “Öyrədən müəllimdən ilham verən müəllimə çevrilmək” və başqa mövzularda təqdimatlar olunacaq.
Cəvahir Səlimqızı
Foto: Cəmalə