I sinfə qeydiyyatda olmadığı ərazidə yerləşməyən məktəbə gedənlər üçün YENİLİK

Bakıda qeydiyyatda olduğu ərazidə deyil, başqa ərazidəki məktəbə övladlarını 1-ci sinfə qoymaq istəyən valideynlər üçün yenilik tətbiq edilib.

Yenicag.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, əvvəllər bunun üçün valideynlər Təhsil Nazirliyinə rəsmi şəkildə müraciət edirdilər. Lakin indi bu çətinlikləri və sənədləşmə prosedurunu aradan qaldırmaq üçün “gözləmə siyahısı”sı tətbiq ediləcək”.

İ.Abdullayeva qeyd edib ki, uşağın məktəbə yaxın ərazidə yaşaması, valideynlərdən birinin həmin məktəbdə (uşağın oxumaq istədiyi) işləməsi və ailədəki uşaqlardan birinin həmin məktəbdə təhsil alması belə uşaqların 1-ci sinfə qəbulu zamanı üstünlük halı kimi nəzərdə alınır:

“Əgər valideyn üçün bu üstünlük hallarından heç biri yoxdursa, onda onun adı “gözləmə siyahısı”nda qeyd ediləcək. Yeni yer yaranan kimi bu siyahıda adı olan ilk şəxsin uşağı yaşayış qeydiyyatı üzrə ərazidə yerləşməyən məktəbə daxil ola biləcək”.

Qeyd edə ki, birinci sinfə sənəd qəbulu martın 11-də səhər saat 10:00-dan etibarən başlayır.