“İbrahim Nəbioğlu, sən belə etməməli idin” – Mövludun intihardan öncəki son statusu

Gənc yazar, “Teleqraf.com”un redaktoru Mövlud Mövlud intihar etməzdən öncə özünün Feysbuk səhifəsində vaxtı ilə Azərbaycanın İstanbulda konsulu vəzifəsində çalışmış İbrahim Nəbioğluna xitabən status yazmış və səhifəsini dondurmuşdu.

Müstəqil.Az saytı hazırda Türkiyədə yaşayan İbrahim Nəbioğlu ilə əlaqə saxlayıb və bu sualı verib:

“İbrahim bəy, Mövlud intihar etməzdən öncə sizə xitabən İbrahim Nəbioğlu, sən belə etməməli idin” deyə status yazıb. Sizcə o, nəyi nəzərdə tuturdu? Onun intiharında dolayısı, yaxud birbaşa sizin adınız hallana bilərmi?”

Hazırda Türkiyədə yaşayan İbrahim Nəbioğlu bildirib ki, Mövludun intiharından çox mütəəssirdir:

“Onunla heç bir yaxınlığım olmasa da, hekayələrini oxumuşam, istedadlı bir gənc yazar kimi tanımışam. Mövludun yazdığı deyilən status barədə Aynur xanım Camalqızının mənə yazdığı mesajdan xəbər tutdum. Ona qədər Mövludun intihar etməsindən xəbərsiz idim. Mesaji alandan sonra Mövludun Feysbuk səhifəsinə baxdım, amma səhifə bağlı idi. Mövludla cəmi bir neçə dəfə sosial şəbəkədə ünsiyyətimiz olub. Bir dəfə Aynur xanımın təklifi ilə İngiltərədə yaşayan şair dostum Rauf Qaraişıqla Skayp vasitəsilə müsahibə zamanı danışmışıq, ikinci söhbətimiz onun məndən müsahibə almaq istəyi ilə bağlı idi. Bilirsiniz ki, uzun müddətdir Türkiyədə yaşayıram və “Ayna” layihəsi istisna olmaqla, demək olar ki, mediada görünmürəm. Bu səbəbdən də müsahibə verməkdən imtina etdim. Onu yaxından tanımadığım üçün mənə xitabən yazdığı statusda nəyi nəzərdə tutduğunu söyləməyə çətinlik çəkirəm”.

İbrahim Nəbioğlu bir daha bu olaydan üzüldüyünü dilə gətirib: “Saytınız vasitəsilə yaxınlarına başsağlığı verir və Allahdan Mövluda rəhmət, əzizlərinə isə səbr diləyirəm”.

Qeyd edək ki, Mövludun son statusu bu olmuşdu: “İbrahim Nəbioğlu, sən belə etməməli idin”.

COP29