!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcbari tibbi sığortanın tətbiqi problemləri həll edəcək? - "Əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlıq səviyyəsi..." - Azər Mehtiyev

!Reklam – Yazi

“İcbari tibbi sığortaya keçid fonunda səhiyyə sistemindəki mövcud problemlərin dərhal həll olunacağını gözləmək sadəlövhlük olar”.

Yenicag.az xəbər verir ki, bunu icbari tibbi sığortaya keçidin səhiyyə sahəsinin inkişafına təsirləri haqqında danışan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehtiyev deyib.

Azər Mehtiyevin sözlərinə görə, səhiyyə sahəsindəki mövcud vəziyyət heç də ürəkaçan deyil və bunun qarşısını almağın əsas yollarından biri səhiyyə islahatlarının həyata keçirilməsidir:

“1 aprel 2021-ci il tarixdən etibarən bütün ölkə əhalisi icbari tibbi sığorta ilə əhatə olunur. Bununla yanaşı, aprel ayında baş verən daha iki hadisə ölkənin səhiyyə sistemində baş verənlərə yenidən nəzər salmağa maraq oyatdı. Yeni növ koronavirus infeksiyasına yoluxan xəstələrin müalicə olunduğu iki böyük tibb müəssisəsinin rəhbərləri – Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığ Modul Tipli Hospitalının baş həkimi və Yeni klinika Publik Hüquqi Şəxsin direktoru – və bəzi əməkdaşları COVID-19 xəstələrinə münasibətdə qanunsuz əməllərinə görə həbs olundular. Eyni zamanda pandemiya dövründə ictimaiyyətin qarşısına çıxmayan və özünü məsuliyyətdən kənarlaşdırmış kimi görünən səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad edildi. Koronavirus xəstələrinin müalicəsinin təşkili vəziyyəti ilə bağlı son bir ildə cəmiyyətdə yaranan müəyyən narazılıqlar fonunda ölkənin bəzi kütləvi informasiya vasitələrində dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyindən çıxarılaraq yenidən nazirliyin tabeliyinə qaytarılması zəruriliyi ilə bağlı rəylər dövrü olaraq səsləndirilirdi. Amma son hadisələrdən sonra mətbuatda belə rəylərin daha da çoxalması və intensivləşməsi heç də təsadüfi görünmür. Əslində, əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlıq səviyyəsi və cəmiyyətin sağlamlığı heç də yalnız icbari tibbi sığortanın tətbiq edilib-edilməməsindən yox, ümumən ölkədə formalaşmış səhiyyə sisteminin quruluşundan, imkan və potensialından asılıdır”.

Azər Mehtiyev icbari tibbi sığortanın tətbiqinin hökumətə həm səhiyyə sektoruna əlavə maliyyə mənbələrini səfərbər etməyə, həm də maliyyə vəsaitlərinin daha səmərəli istifadəsi mexanizmlərinin tətbiqinə imkan verə biləcəyini qeyd edib:

“Səhiyyə isə elə sahədir ki, buraya ayrılan vəsaitin davamlı olaraq artırılması lazım gəlir. Həm də davamlı olaraq artmaqda olan bu tələbatı yalnız dövlətin imkanları hesabına ödəmək mümkünsüz ola bilər. Mövcud maliyyələşdirmə mexanizminin saxlandığı şəraitdə dövlətin səhiyyəyə ayırdığı vəsaitlərin həcmi nə qədər artsa da, əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını arzuolunan səviyyəyə çatdırmağın mümkün olmayacağı da aydın görünürdü. Hər halda, bu dəfə icbari tibbi sığortaya keçid məsələsində hökumətin daha ardıcıl siyasi iradə nümayiş etdirməsi müşahidə olundu.

Dünya ölkələrində geniş tətbiq olunan səhiyyənin maliyyələşdirilməsi mexanizmlərindən biri icbari tibbi sosial sığortadır. İcbari tibbi sığorta formal olaraq tibbi yardıma ümumi əlçatanlıq prinsipinə əsaslanır və ədalətli maliyyələşdirmə mexanizmi kimi qəbul olunur. Ədalətli maliyyələşdirmə o deməkdir ki, hər bir ev təsərrüfatı tibbi xidmətlərə görə xərclərin ədalətli payını ödəməlidirlər. Bu ədalətli pay isə ev təsərrüfatlarının ödəmə qabiliyyətindən asılıdır. Həm də ədalətli maliyyələşdirmənin iki aspekti var: sağlam insanlar xəstə insanları dəstəkləyirlər; daha imkanlı ailələr isə aztəminatlı ailələri dəstəkləyirlər. Risklərin bu cür birləşdirilməsi nəticəsində sağlam insanlar özlərinin sığorta ödənişləri ilə xəstələrə göstərilən tibbi yardımın ödənilməsinə dəstək olurlar. İTS-in tətbiqi, ilk növbədə, məhz səhiyyənin maliyyələşdirilməsi mexanizmində dəyişikliklər yaradır”.

Gülşən Şərif

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv