Ermənistanın və onun havadarlarının cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik.
Yenicag.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
“Müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən bir qrup şəxs hal-hazırda Azərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılıblar. Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi sülhün pozulması və təcavüzkar müharibə çərçivəsində törədilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmış, minlərlə azərbaycanlı işgəncə və məcburi itkin düşməyə məruz qoyulmuş, ictimai və şəxsi mülkiyyətə kütləvi məbləğdə zərər vurub”,- bəyanatda qeyd olunub.
Bildirilib ki, insan hüquqları və humanitar hüququn bu miqyasda pozulması və törədilən misilsiz ədalətsizlik şübhəsiz ki, sülh və barışığın əldə edilməsinə ən böyük maneələrdən biri olub:
“Bu mənada, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, eləcə də Xocalı, Qaradağlı, Ağdaban və digər yerlərdə törədilmiş kütləvi qətliamlara görə məsuliyyət daşıyanların bəzilərinin ədalət məhkəməsinin qarşısına çıxarılması haqq-ədalətin öz yerini tutuması və davamlı sülhün əldə olunmasına böyük töhfədir”.
İcma qeyd edib ki, Ermənistan və ölkənin aparıcı siyasi qüvvələri bu haqq işinə dəstək vermək və məhkəmə prosesinə yardım etmək əvəzinə, faktiki olaraq törədilmiş cinayətlərə haqq qazandıran və cəzasızlığı təşviq edən cəhdlər edirlər:
“Bu məsələdə bir sıra Avropa dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlarda işləyən qeyri-dürüst funksionerlər və digər siyasi dairələr də fəallıq göstərirlər. Ermənistan tərəfindən törədilən etnik təmizləmə, qətliamlar, mədəni irsin dağıdılması, öz evlərinə qayıdışa maneə törədilməsi kimi insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkən bir icma olaraq, biz Ermənistanın və onun havadarlarının bu cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən bu cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik”.