Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti yenə də ciddi tənqid olunur. Onların bir qismi işdən çıxarılsa, hətta bəziləri həbs olunsa belə, yerlərdə vəziyyət bir o qədər də dəyişmir. Bu səbəbdən hətta tez-tez yerli icra hakimiyyətlərinin ləğvi barədə təklif gündəmə gəlir. İcra hakimiyyətlərinin ləğv olunacağı barədə xəbərlər dövlət başçısının sərəncamı ilə yaradılmış 14 iqtisadi rayonun yaradılmasından sonra aktuallaşıb.
Bildirilir ki, bu, ölkənin yeni idarəetmə modelinə keçməsi, bütün İcra hakimiyyətlərinin ləğvi prosesinə hazırlıqdır.
Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarına xüsusi nümayəndə təyin etməsi ilə azad edilmiş torpaqlarda bu proses yekunlaşmaq mərhələsinə yaxınlaşdı. Kəlbəcər rayonuna da xüsusi nümayəndə təyinatı reallaşdırıldıqdan sonra proses bütün işğaldan azad edilmiş rayonlarda başa çatmış olacaq.
Aprelin 29-da dövlət başçısı İlham Əliyev Rasim Hüseynovu Naxçıvanın Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Prezident bir müddət əvvəl bildirib ki, yeni idarəetmə üsulu gələcəkdə ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: “Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”. Bundan öncəki çıxışları zamanı da dövlət başçısı mövcud regional idarəetmə modelinin sovetlər dövründən qaldığını, zamanın tələblərinə cavab vermədiyini bəyan edib. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Yerli icra hakimiyyətlərinin başçılarını prezident təyin edir və vəzifədən azad edir. Eləcə də onların səlahiyyətlərinin çərçivələrini müəyyən edir. Məlumat üçün qeyd edək ki, icra başçılarının rəsmi maaşları təmsil etdikləri bölgənin əhalisinin sayına görə müəyyənləşdirilir. Hazırda Bakı şəhər icra başçısı 1 925 manat, Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları 1 280 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan rayon icra başçıları 1 045 manat, əhalisinin sayı 50-100 min nəfər olan icra başçıları 990 manat…
Ekspertlər də qeyd edirlər ki, icra başçıları institutu ləğv edilməli, əvəzində isə seçilmiş şəxslərə regionlarda idarəetmə səlahiyyətləri verilməlidir. Ölkədə parlament seçkilərinə hazırlıqlar başlaması onu deməyə əsas verir ki, bu il referendum olmayacaq. Bu isə o deməkdir ki, icra başçısı postu ən azı bu ilin sonunadək ləğv edilməyəcək.
Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Yerlərdə icra başçısı ölkə Prezidentinin sərəncamı ilə təyin olunan şəxsdir. O, rəhbərlik etdiyi regionun birinci şəxsi olduğu üçün, həmin ərazidəki bütün məmurlar öz fəaliyyətini icra başçısının müəyyən etdiyi qaydalar və tələblər çərçivəsində qurub aparırlar. İcra başçısı vətəndaşların qayğıları ilə maraqlanıb onların həlli üçün ürəkdən çalışırsa, digər məmurlar da öz fəaliyyətini buna uyğun şəkildə qururlar. Yox, əgər icra başçısı qapılarını vətəndaşların üzünə bağlayırsa və onların problemlərinin həlli üçün səy göstərmirsə, yerdəki digər məmurlar da insanlarla bu şəkildə davranır və təbii ki, bu şəkildə sərgilənən idarəçilik yerlərdə insanların narazılığına gətirib çıxarır. Son bir neçə ildə biz bu şəkildə idarəçiliyin nə ilə nəticələndiyinə dair bir çox nümunələri görə bildik. Ölkə Prezidenti dəfələrlə öz çıxışlarında məmurlara “məmur xalqın xidmətçisidir” deyərək bunu unudanlara xüsusi xatırlatma edib. Ancaq çox təəssüf ki, bir çox məmurlar yerlərdə özlərini xalqın xidmətçisi kimi deyil, xalqın ağası kimi apararaq insanlara yuxarıdan aşağı baxmaq yolunu tutublar. Təbii ki, bu yolu tutanların son aqibəti yaxşı olmur. Son illərdə bəzi icra başçılarının işdən çıxarılması və onlardan bəzilərinin həbsi dediklərimizin konkret nümunələridir. Bir ailənin başçısı o ailənin üzvlərinin qayğıları ilə maraqlanmırsa və onların üzləşdiyi problemlərin həllinə çalışmırsa, o ailədə hansı hörmətə sahib ola bilər? İcra başçısı da belədir.
İcra başçılarının fəaliyyətində nöqsanlar aşkar edilərkən, onlar vəzifədən kənarlaşdırılarkən və ya həbs edilərkən hakimiyyətin üzərinə gəlib, onu tənqid edənlər bilməlidirlər ki, ölkədə Bakı şəhəri daxil, 85 şəhər və rayonlara icra başçısı Prezidentin sərəncamı ilə təyin olunur. Ölkə rəhbərinin bu adamların hamısını yaxından tanıması fiziki cəhətdən mümkün deyil. Düşünürəm ki, bu sırada icra başçısı vəzifəsinə namizədlik təqdim edən vəzifəli şəxslərin məsuliyyəti yetərincə olmalıdır.
Ölkədə yerli idarəçilikdə yeni yanaşma artıq ortaya qoyulub. Belə idarəçiliyin daha səmərəli olacağı şübhəsizdir. Hesab edirəm ki, ölkənin iqtisadi rayonları üzrə yeni idarəçiliyin tətbiqi gözləntiləri doğrulda biləcək”.
REAL Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli referenduma böyük ehtiyac görür: “Əslində şəxsi fikrim budur, uzun illərdir ki, publik çıxışlarımda bunu dilə gətirmişəm. Mütləq şəkildə referendum olmalıdır. İcra hakimiyyətləri ləğv olunmalıdır. Çünki ölkədə prezidentdən tutmuş sadə vətəndaşa qədər dəfələrlə bu institutun fəaliyyəti ilə bağlı tənqidi fikirlər söylənilib. Bu institut artıq idarəedici orqan olaraq öz limitini tam doldurub. Müstəqillik illərində lazım olan işini görüb bitirib. Artıq onların ləğv edilməsinə çox ciddi ehtiyac var. Onu da nəzərə almaq lazımdır ki, paralel olaraq Prezidentin şəxsi nümayəndəsi institutu da yaradılıb. Burada da hüquqi prosedurlarda problem yaşanır. Yəni Prezidentin səlahiyyətli nümayəndələri ilə icra başçılarının səlahiyyət bölgüsü aydın deyil. Səlahiyyət və məsuliyyət bölgüsündə problemlər bir müddətdən sonra yaşanacaq. İdarəetmədə ikitirəliyin yaranması ehtimalı yaranır. Ona görə də hesab edirəm ki, seçkilərdən öncə referendumun olması çox yaxşı olardı. Çünki ölkənin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı idarəetmədə olan boşluqların aradan qaldırılması şərtdir. İcra hakimiyyətləri bunun bir qoludur. Bundan başqa da qərarlar olmalıdır. Proporsional seçki sisteminə keçid olsa çox yaxşı olardı. Heç olmasa parlamentin bir hissəsi bu sistem üzrə formalaşardı. Amma təbii ki, hamımız bütövlükdə parlamentin bu seçki sistemi ilə formalaşmasını istərdik. Bundan başqa, inzibati ərazi bölgüsünün yenidən dizayn olunması vacibdir. Çünki Azərbaycan kimi ərazisi çox böyük olmayan ölkədə 80-ə yaxın rayona ehtiyac yoxdur. Prezidentin yaratdığı 14 iqtisadi rayon var. Bu da doğru qərardır. Bunu inzibati ərazi vahidinə çevirmək lazımdır. Bununla idarəetmənin keyfiyyətində dəyişikliklər ola bilər. Bundan başqa, Nazirlər Kabinetinin rolu müəyyən olunmalıdır. İndiki sistemdə Nazirlər Kabinetinin rolu aydın deyil. Çünki bizdə prezident idarə-üsuludur. Prezident müşavirələr keçirir, baş naziri, nazir müavinlərini təyin edir. Tapşırıqları da özü verir. O zaman baş nazirin funksiyası nədir? Bütün bunlara aydınlıq gətirilməlidir. Məsuliyyət və səlahiyyət bölgüsü dəqiq olmalıdır. Ləğv olunacaqsa, hansı institutların olması barədə düşünmək lazımdır. Məncə, seçkidən öncə referendum olsa, daha yaxşı olardı”.