Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon şöbəsinin rəhbəri Əliyev Ceyhun İntiqam oğlunun qanunsuz əməlləri ilə bağlı şok videomaterial yayılıb.
TİA.AZ xəbər verir ki, həmin videomaterialda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon şöbəsinin sabiq işçisi Muxtarova Gülnarə Nizam qızı bu rayonda qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən şok maxinasiyalardan danışır, konkret faktlar sadalayır, adlar çəkir.
Həmin videomaterialdan görünür ki, S.Mikayılov və C.Əliyevin göstərişi ilə məcburi köçkünlər necə aldadılır, rayonlarda yaşayan məcburi köçkünlərdən pul alaraq onlara Bakıda ev verilməsi üçün necə Qaradağ rayonunda qeydiyyata alırlar. Bundan başqa məcburi köçkün olmayan vətəndaşlar kommunal xərclərdən yayınmaq üçün məcburi köçkün kimi qeydiyyata alınırlar, onlara qaçqın vəsiqəsi verilir və təbii ki, bütün bunlar rüşvətlə həll olunur.
Bir sıra hallarda isə pul verən şəxslər aldadılırlar və pis vəziyyətdə icra başçısı ilə şöbə müdirinin göstərişi ilə hərəkət edən G.Muxtarova qalır. G.Muxtarova bu barədə onlarla danışanda isə açıq şəkildə təhdid olunur.
Videomaterialda G.Muxtarova C.Əliyev tərəfindən hədələndiyini, icra başçısının adından ölümlə təhdid olunduğunu bildirir.
Qısa araşdırmamız zamanı ötən il də bəzi media qurumlarında təxminən buna bənzər materialın yayıldığını öyrəndik.
TİA.AZ Gunxeber.com-a istinadən həmin videonu da təqdim edir və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.