İcra başçısı ilə sahibkarın adı böyük maliyyə fırıldağında hallanır – 32 milyonu necə xərcləyiblər?

Azərbaycanın dövlət büdcəsinə böyük məbləğdə neft pulları daxil olduqdan sonra ölkədə sahibkarlığın inkişafına yeni imkanlar yarandı. Bu zaman yüngül sənaye fabrikləri və zavodlarla yanaşı, bir sıra iri həcmli sənaye kompleksləri də yaradıldı. Hətta yeni inşa olunan müəssisələrə dövlət birbaşa maddi yardımlar da ayırdı.

Məlumata görə, təkcə 2005-2012-ci illər ərzində Azərbaycanda orta sahibkarlığın inkişafına 14 milyard manatdan artıq vəsait sərf olunub ki, bunun da 70 faizindən çoxu dövlət büdcəsi hesabına reallaşdırılıb.

Təəssüflər olsun ki, ölkəyə böyük məbləğdə vəsaitlər daxil olduğu zamanlarda bəzi məmurların bacarıqsızlığı, bəzən də şəxsi mənafelərini daima üstün tutmaları milyonlarla dəyəri olan iri layihələrin iflasa uğramasına səbəb olub. Yəni, dövlətin ayırdığı vəsaitlər təyinatı üzrə xərclənməyib, məsul şəxslər tərəfindən mənimsənilib.

Reyting.az saytı xəbər verir ki, iflasa uğramaq həddinə çatmaq üzrə olan layihələrdən biri də Bərdə rayonunda tikilmiş “Qarabağ” Aqrar Sənaye Kompleksidir. AzFakt.com saytı araşdırma nəticəsində bu komplekslə bağlı müəyyən faktlar əldə edib.

Bildirilir ki, Sahibkarlığa Kömək Milli Fondunun maddi dəstəyi ilə tikilmiş “Qarabağ” Aqrar Sənaye Kompleksinə xərcləndiyi iddia olunan 32 milyon manatın taleyi şübhəlidir, ortada ciddi mənimsəmə faktları var.

İddia olunur ki, Bərdə rayonunun maldarlıqla məşğul olan ən böyük kəndi – Mehdilidə 35 hektarlıq ümumi otlaq sahəsini “Qarabağ” Aqrar Sənaye Kompleksinin tikintisi zamanı qeyri-qanuni zəbt ediblər. Bu qanunsuzluğu kompleksin rəhbəri Vahid Rzayevlə Bərdə rayonunun icra başçısı Vidadi İsayev edib. Əvəzində isə kənd sakinlərinə heç bir kompensasiya verilməyib. Hansı ki, layihənin icrası zamanı ərazinin alınmasına 3 milyon manatın ayrılması nəzərdə tutulub. Amma nəzərdə tutulan 3 milyon manat təyinatı üzrə xərclənməyib. Əvəzində Bərdənin Xamtorpaq adlanan ərazisində 400 hektar sahə alınaraq kompleksin tikintisi üçün istifadəyə verilməli imiş. Ancaq Vahid Rzayevlə Vidadi İsayevin maliyyə fırıldağı buna da imkan verməyib. Bu səbəbdən də “Qarabağ” Aqrar Sənaye Kompleksi uyğunsuz yerində inşa olunub.

Araşdırma nəticəsində məlum olub ki, dövlətin 32 milyon manat vəsaiti hesabına ərsəyə gəlmiş kompleks iflas həddindədir. Hazırda ümumi olaraq 600 başa yaxın heyvanın saxlandığı kompleksdə 6000 başa yaxın südlük və ətlik heyvan bəslənməli idi. Bundan əlavə, kompleksin yerləşdiyi ərazinin də müəssisə üçün tam uyğunsuz olduğu bildirilir. Qeyd olunur ki, Beyləqan-Yevlax magistral yolunun kənarında tikilən kompleksin inkişafı üçün ətrafında bir metr boş torpaq sahəsi belə yoxdur. Çünki müəssisənin inkişafını kompleksin önündən keçən magistral və Yuxarı Qarabag kanalı, arxa hissədən isə “Şor kanal” əngəlləyir.

Hətta son dəfə kompleksə gələn kənd təsərrüfatı naziri Heydər Əsədov da ərazinin kompleksə görə çox kiçik olduğunu Vidadi İsayevin nəzərinə çatdırıb. Vidadi İsayev isə kompleksin yaxınlığındakı Vaqif adlı şəxsə məxsus fermanın ərazisini də nazirə kompleksin ərazisi kimi təqdim edib.

Vidadi İsayevin paytaxtdan gələn hökumət nümayəndələrinə işgüzar iş adamı kimi təqdim etdiyi Vahid Rzayev haqqında da xoşagəlməz söz-söhbətlər dolaşır.

Xatırladaq ki, ötən günlərdə mətbuatda yayılan bir məlumat Vahid Rzayevlə Vidadi İsayevin “Qarabağ” Aqrar Sənaye Kompleksinin tikintisindən mənimsənilən milyonlara az da olsa “işıq sala” bilib. Bərdə rayonunun Mehdili kənd sakinləri Şahin Salmanzadə və Həsən Sadıqov dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bununla bağlı müraciət də ünvanlayıblar.

V.Rzayevin kriminal əlaqələrinə də toxunulan müraciətdə qeyd olunur ki, o, müflis olmuş iş adamı Ş.Salmanzadə ilə H.Sadıqovu avtomobillərinə tiryək qoydurub həbs etdirməklə hədələyir.

Ölkə rəhbərliyinə ünvanlanan həmin məktubda bildirilir ki, V.Rzayevin təhdidləri ilə üzləşən iş adamları ölkədən Rusiyaya qaçıblar. Ancaq bu da iş adamının harayına çatmayıb. Ölkədən Rusiyaya gedən kriminal dəstə Həsən Sadıqovdan Rusiyada 400 min manat alıblar.

Sayt yazır ki, V.Rzayev “Qarabağ” Aqrar Sənaye Kompleksinə rəhbərlik etməklə yanaşı, həm də rayondakı sahibkarlara aşağı faizlə böyük məbləğdə sələmə pul verir. Ehtimal olunur ki, dövriyyədə olan bu böyük məbləğ kompleksin tikintisi zamanı mənimsənilən və Vidadi İsayevin də şərik olduğu pullardı.

Təəssüf ki, məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin münasibətini öyrənmək mümkün olmayıb.

COP29