“Nəsimi rayonu Novruzov qardaşları küçəsində(“Papanin” deyilən ərazi) “Elevan Park” yaşayış kompleksi inşa edən “Pilot-16” şirkəti nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti ərazidə gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda tikinti işlərini davam etdirir. Bu şirkətin əlindən gecə evimizdə yata bilmirik. Faktiki olaraq, bu şirkətin fəaliyyəti nəticəsində insanlar gecələr, həftə sonları yatmaq, istirahət etmək hüquqlarını itiriblər”.
Bu sözləri Editor.az-a açıqlamasında ərazidə yaşayan sakinlər deyiblər. Sakinlərin sözlərinə görə, vətəndaşların şikayətləri əsasında Daxili İşlər Nazirliyi(DİN) və Fövqəladə Hallar Nazirliyi(FHN) ərazidə monitorinqlər keçirib: “Hər iki qurum şirkətin müxtəlif epizodlarla tikinti işləri zamanı qaydaları pozduğunu təsdiqləyiblər. DİN tərəfindən şirkətin səlahiyyətli şəxsi “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” maddəsilə cərimə edilib.
FHN-nin müvafiq qurumu tərəfindən aparılan yoxlamalar zamanı isə şirkətin ağır yükqaldırıcı kranın istismarı zamanı pozuntulara yol verdiyi müəyyən edilmiş və şirkətə xəbərdarlıq edilmişdir.
Lakin hər iki hal üzrə şirkət qanunsuz əməllərinə davam edir. Yenə də mütəmadi olaraq, gecə saatlarına tikinti və betonlama işləri aparır. Eyni zamanda yenə sakinlər şirkətin ağır kranının altından hər gün ölüm qorxusu ilə keçməyə davam edir. Bununla yanaşı düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların və avtomobillərin keçdiyi yola tökülür “.
Sakinlər qeyd edir ki, şirkət və onun rəhbəri Aslan Quliyevin dövlət qurumlarına və vətəndaşlara hörmətsizliyinin kökündə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən himayə edilməsi dayanır: “Müraciət etdiyimiz bütün qurumlar şikayətlərimizə reaksiya verib, müvafiq addımlar atıb. Lakin bu qədər şikayətlərə, icra hakimiyyətinə edilən yazılı və şifahi müraciətlərə baxmayaraq, ötən 10 ay ərzində Nəsimi rayon İcra Hakimiyyəti bir dəfə də olsun şikayətçiləri dinləməyib, ümumiyyətlə maraqlanmayıb. Yalnız bir dəfə icra hakimiyyətinin onuncu dərəcəli əməkdaşı 3 cümləlik formal elektron məktub yazmaqla kifayətlənib.
Əvəzində isə Asif Əsgərovun rəhbərlik etdiyi qurum sanki “Elevan Park” yaşayış kompleksinin vəkili və ya PR meneceri qismində bizim dövlət orqanlarına ünvanlandığımız məktublara şirkəti tərifləməklə, yalan və həqiqətə uyğun olmayan məlumatlarla cavablar verir. Bununla da dövlət orqanlarını aldatmağa cəhd edir. Sanki Cənab Prezident İlham Əliyev onu bu vəzifəyə xalqa xidmət etmək üçün deyil, qanunları heçə sayan şirkətə himayədarlıq etmək üçün təyin edib”.
Sakinlər qeyd edir ki, “Pilot-16” “Papanin” sakinlərini qorxu altında saxlamaqla susdurmağa çalışır: “Burada çox müəmmalı hadisələr baş verir. Şirkətin rəhbəri Aslan Quliyevlə razılaşmayan sakinin evi artıq ikinci dəfədir ki, müəmmalı səbəbdən yanır.
Eyni zamanda sakinlər arasında söz-söhbət gəzir ki, şirkət vətəndaşları bəzi hallarda hansısa kriminal şəxslər, bəzi hallarda isə güc strukturları adından qorxudaraq susdurmağa, yaşanan özbaşınalıqlara göz yummağa, evlərini dəyər-dəyməzinə satmağa məcbur edir. Bu məlumatların nə qədər həqiqətə uyğun olduğunu deyə bilmərik. Ancaq düşünürük ki, müvafiq dövlət qurumlarının bu şirkətin fəaliyyətini araşdırmasına ciddi ehtiyac var”.
Vətəndaşlar qeyd edir ki, artıq 10 aydır ki, Asif Əsgərov-Aslan Quliyev tandemi “Papanin” sakinlərinə divan tutur. Vətəndaşlar yaranmış vəziyyətlə bağlı əlaqədar dövlət qurumlarından təcili kömək xahiş edir.