Hazırda Azərbaycanda 1 şəhərin və 4 rayonun icra başçısı vəzifəsi boşdur.
Yenicag.az-ın məlumatına görə, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Əzizağa oğlu Ağayev vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Asif Ağayev 2018-ci il oktyabrın 30-da bu vəzifəyə təyin edilmişdi. Bundan əvvəl isə, 2013-2018-ci illərdə isə Şamaxının icra başçısı işləyib.
Bundan başqa, Daşkəsən rayonu da hazırda icra başçısı olmayan rayonlardandır. Belə ki, rayona 12 il müddətdən çox rəhbərlik etmiş Əhəd Abıyev 17 iyul 2023-cü ildə vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.
Həmçinin, Culfa rayonunun icra başçısı Siyam Çərkəz oğlu Hacıyev 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun da yerinə təyinat aparılmayıb.
17 noyabr 2023-cü il tarixində isə Prezident İlham Əliyev Mirsənani Seyidovu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Şəhər rəhbərinin yerinə hələ ki, təyinat olmayıb.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov isə 31 may 2024-cü il tarixində vəzifəsindən azad edilib. Qusar rayonuna da icra başçısı təyin edilməyib./Unikal