İcra başçısı prezidentə qarşı

?????????????????????????????????????????????????????????

Zakir Fərəcov prezidentə qarşı: Sumqayıtın rəhbəri bu cəsarəti haradan alıb?Manatın sonuncu devolvasiyasından sonra bütün ölkədə iqtisadi durum ağırlaşıb. Baş verənlər qlobal xarakter daşıdığından problemin tormozlanması da milli hökumətlərin, o cümlədən Azərbaycan hakimiyyətinin imkanları xaricindədir. Bununla belə, yaşanan iqtisadi krizisə qarşı ən arzuolunan dirəniş yerli istehsalın inkişafı, sahibkarlara diqqət və qayğının artırılmasıdır.

Məlumat üçün bildirək ki, ölkə prezidenti İlham Əliyev hələ sonuncu devolvasiyadan çox əvvəllər də sözügedən istiqamətlərdə inkişafa nail olmaq üçün təkliflər və əməli addımlar paketi təqdim edib. Təəssüf hissiylə qeyd etməliyik ki, ayrı-ayrı məmurların milli mənafeyə və dövlət maraqlarına zidd addımları nəticəsində nəzərdə tutulan tədbirlər sonacan yerinə yetirilməyib və hazırda məhz bunun ağrısını yaşamaqdayıq.

Savash.org bu baxımdan prezidentin bir müddət öncə etdiyi çıxışı və böhrandan qaçmaq üçün irəli sürdüyü təklifləri xatırlatmaq zərurəti hiss edib: “Bu gün Azərbaycanda biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır”.

Dövlət başçısı bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklərin göstərildiyini, onların işinə müdaxilələr olduğunu, onlara qarşı əsassız tələblər irəli sürüldüyünü, qanunsuz ödəmələr tələb olunduğunu bildirib və əlavə edib ki, bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Prezident vurğulayıb ki, bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər: “Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”.

Yuxarıda oxuduğunuz fikirlər ölkə prezidenti İlham Əliyevə məxsusdur. İndi isə gəlin, əməlləri ilə prezidentin siyasətinə qarşı çıxan Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun son aylardakı fəaliyyətindən bəzi məqamlara nəzər salaq. Savash.org ayrı-ayrı vaxtlarda müxtəlif media orqanlarında dərc olunmuş faktları olduğu kimi oxucularının mühakiməsinə verir. Oxuyun və özünüz qərar verin, Zakir Fərəcovun Sumqayıtda sahibkarlara qarşı həyata keçirdiklər prezidentin tövsiyyələrinə riayyətdir yoxsa, onun siyasətinə qarşı çıxmaq? Beləliklə…

“Sumqayıt İcra Hakimiyyəti şəhərin mərkəzində, Sülh küçəsində söküntüyə qərar verib. Burada fəaliyyət göstərən ticarət və iaşə obyektlərini sökməyə başlayıblar. Bu küçədə 170 ticarət və iaşə obyekti var və onlar uzun illərdi ki, fəaliyyət göstərirlər. Artıq ən iri ticarət mərkəzlərindən olan “Ən ucuz market”in boşaldılmasına başlanılıb. Marketin sahibi Vüqar Qələndərov əməkdaşımıza bildirib ki, obyektinin bütün lazımı sənədləri qaydasındadır və tam qanuni fəaliyyət göstəririrlər. Bununla belə obyektini sökürlər. Obyektlərinin sökülməsini sahibkarlar etirazla qarşılayır. Onlar baş verənlərlə bağlı Prezident Administrasiyasının qarşısında toplaşmaq istəyirlər.Sahibkarların bildirdiyinə görə, İcra Hakimiyyətindən obyektlərin niyə söküldüyü haqda onlara heç bir izahat verilmir. (azadliq.info)”

Digər bir yazıdan çıxarış: “Sumqayıtın Sülh küçəsində yerləşən mağaza sahiblərinə obyektlərinin yaxın vaxtlarda söküləcəyi ilə bağlı xəbərdarlıq edilib. Bu barədə AzVision.az-a obyekt sahibləri məlumat verib. Obyekt sahiblərinin sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirərək mağazaların yaxın günlərdə söküləcəyini bildiriblər. Söküntünün yeni icra başçısı Zakir Fərəcovun tapşırığı ilə həyata keçirildiyi qeyd edilib. Obyektləri sökülən sahibkarlara kompensasiyanın verilib-verilməyəcəyi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, icra başçısı Zakir Fərəcəov YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri ilə görüşü zamanı şəhərin siması tamamilə dəyişəcəyini və bu istiqamətdə işlərin başlanıldığını bildirimişdi”.

Daha bir epizod: “Sumqayıtda məmurlar tərəfindən obyektinin buldozerlə söküləcəyi ilə təhdid olunan sahibkar İlham Əbilov kömək istəyir. Modern.az saytından probleminin ictimailəşdirilməsini istəyən sahibkar ölkə rəhbərliyinə müraciət etdiyini deyib.O qeyd edib ki, sahibi olduğu aptekin boşaldılması tələb olunub:
“Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçiləri tərəfindən özümə məxsus olan, Sumqayıt şəhəri 13-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsi, 62a ünvanında yerləşən, özəl ticarət (aptek) obyektimin boşaldılması və obyekti tərk etməyim barədə təhdidlər davam edir. Xatırladım ki, bir neçə gün bundan əvvəl Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsində işləyən Kənan adlı şəxs mənə yaxınlaşaraq obyektin sənədini istədi, mən də sənədləri təqdim etdim. Sonrakı günlərdə özlərini dövlət məmuru kimi təqdim edən müxtəlif şəxslər yaxınlaşaraq obyektin qısa müddətdə boşaldılmasını, ticarət fəaliyyətimin dayandırmasını tələb etdilər. Mən onlardan bunun səbəbini soruşduqda “yuxarıdan göstəriş var sökülməlidir” dedilər.

Onlara etiraz edərək “axı məhkəmə qərarı olmadan, sökülmənin səbəbi heç izah olunmadan obyekt necə sökülə bilər” sualını ünvanladıqda isə yenə eyni cavabı verdilər ki, şifahi göstəriş var, bəs sökülməlidir “.

Şikayətçi ona söküntü barədə heç bir rəsmi sənəd təqdim edilmədiyini və obyektin bütün sənədlərinin tam qaydasında olduğunu deyir:

“Obyektin tikilməsi üçün o vaxtkı bələdiyyə sədri olan Zakir Fərəcov (hal-hazırda Sumqayıtın icra başçısı) tərəfindən 16 dekabr 2004-ci ildə torpaq ayrılıb və 28 aprel 2005-ci ildə sabiq icra başcısı Vaqif Əliyevin 139 N-li sərəncamı ilə tikintiyə icazə verilib. Obyekt 2 sentyabr 2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsində adıma dövlət qeydiyyatına alıb. Bununla belə, mən qanunauyğun olan bütün tədbirləri qəbul etməyə hazıram”.

Savash.org xatırladır ki, təqdim etdiyimiz faktlar Sumqayıtdan daxil olan şikayətlərin yalnız cüzi bir hissəsidir. Hazırda şəhərdə fəaliyyət göstərən bütün sahibkarlara qarşı anoloji təzyiqlər həyata keçirilir ki, bunu da Zakir Fərəcovun prezidetə qarşı açıq sabotajı adlandırmaq oplar. Prezident “sahibkarlara dəstək olun” deyir, Zakir fərəcov isə sahibkarların obyektlərini başına uçurdur.

Maraqlıdır, Sumqayıtın icra başçısı prezidentin siyasətinə qarşı çıxmaq cəsarətini haradan alır?