Azərbaycanda bir sıra məmurların özəl məclislərdə, öz aralarında vaxtaşırı mətbuatda barələrində gedən materiallarla bağlı müzakirələr aparmaları, ölkə rəhbərliyinin bu yazılara verdiyi reaksiyalar barədə danışmaları və bir çox hallarda belə məqamlarda ciddi yanlışlıqlara yol vermələri tez-tez rast gəlinən haldır. Bu cür məmurlar təşkil etdikləri yemək-içmək, istirahət məclislərində həm məclisdəki ab-havanının təsiri altında olaraq, həm də özlərini dar bir dairədə inandıqları şəxslərin yanlarında sayaraq bəzən ciddi siyasi səhvlərə yol verirlər ki, bu da sonradan onlara baha başa gəlir.
YENİCAG.AZ xəbər verir ki, Günxeber.com-a daxil olan belə bir məlumatda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun da bu günlərdə belə məclislərin birində çox ciddi siyasi səhvə yol verdiyi və səhvinin ona çox baha başa gələcəyi iddia olunur. Redaksiyamıza daxil olan məlumata görə, bu günlərdə İ.Abbasovla yaxın münasibətləri olan icra başçılarından biri nəvəsinin bir yaşının tamam olması ilə bağlı özünə yaxın hesab etdiyi həmkarları üçün məclis təşkil edib. Bakının bahalı məkanlarından birində təşkil olunan məclisdə İ.Abbasovun və məclisi təşkil edən icra başçısının da olduğu komfortlu otaqlardan birində səkkiz-on nəfər yüksək vəzifəli şəxs olub. Məclis iştirakçıları xeyli yeyib-içdikdən sonra “sevimli mövzuları” -mətbuatın onlar haqda yazdıqları yada düşüb. Əvvəlcə mətbuatın qarasına xeyli danışan, jurnalistləri ağ yuyub qara sərən məmurların bir çoxu medianın onlar üçün əsl başağrısına çevrildiyini, jurnalistlərin hər addımlarından xəbər tutduqlarını, evlərinin, maşınlarının şəkillərinin saytlarda yaydıqlarından şikayətləniblər.
Aldığımız məlumatda iddia edilir ki, söhbətin bu yerində İ.Abbasov həmkarlarına təsəlli verərərk onlara mətbuatın yazdıqlarından çox da narahat olmamağı məsləhət görüb. Mənbə iddia edir ki, daha sonra İ.Abbasov öz “müdrik məsləhətini” belə davam edib: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, biz sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki. biz nə işlə məşğuluq? Bilmirlər ki, söküb, dağıdırıq?”.
Məlumatı verən mənbənin dediklərinə inansaq, İ.Abbasovun bu dedikləri məclisdəkilərə soyuq duş təsiri bağışlayıb və onlar tez söhbəti dəyişiblər. Çünki bilirlər ki, bu cür səhvlər nəinki, İ.Abbasova, onlara da baha başa gələ bilər.
Gunxeber.com olaraq bildiririk ki, əgər həqiqətən də belə bir məsələ olubsa, İ.Abbasovun buna görə ciddi şəkildə cəzlandırılacağı şübəsizdir.
Çünki ortada xeyli belə nümunələr var və onlardan ən yadda qalanı sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin ad günündə dediyi bir sağlıqla özünü ölkə rəhbərliyinin qara siyahısına salmasıdır. H.Babayevin sonradan vurulmasında məhz onun ad günündə sağlıq deyərkən siyasi səhvə yol verməsinin də böyük rol oynadığı bildirilirdi.
İndi eyni aqibəti İ.Abbasov yaşaya bilər.
Qeyd edək ki, İ.Abbasov2004-2005-ci illərdə Nərimanov r ayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
21 dekabr 2005-cı ildən isə Suraxanı rayon İcra Hakimiyətinin başçısıdır.
Onun adı bir sıra qanunsuzluqlarda, korrupsiya hallarında, qanunsuz torpaq satışında və digər bu kimi məsələlərdə çəkilir. İ.Abbasov barəsində ölkə rəhbərliyinə çoxsaylı şikayətlər edilən icra başçılarındadır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.