İcra başçısının intihara cəhd edən ŞƏHİD ANASINI gecikmiş ziyarəti – FOTO

Kirayə pulunu verə bilməyən şəhid anasının intihara cəhd etdiyini xəbər vermişdik. 2020-ci ilin 17 oktyabrında Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhadətə yüksələn Sahib Azər oğlu Həsənovun anası Vüsalə Gülbala qızı Məmmədova 20-dən artıq dərman qəbul edərək canına qıymaq istəyib. Səbəb isə 1 ilə yaxındır Gəncə şəhər icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilməməsi ilə əlaqələndirilir.

Hazırda Akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında müalicəsini davam etdirən Vüsalə Məmmədovanın səhhəti normallaşıb.

Bu barədə Bizim.Media-ya anası Almaz Məmmədova məlumat verib.

Onun sözlərinə görə dünən və bu gün səhər icra başçısı Niyazi Bayramov xəstəxanaya qızını ziyarətə gəlib:

“Qızım bir qədər yaxşılaşıb və rəngi üstünə gəlib. Bu gün bir daha analiz götürüləcək və evə buraxılması cavabdan sonra məlum olacaq. Niyazi Bayramov dünən də, bu gün də qızımı yoxlamağa gəlib. Söz verdi ki, sağalandan sonra qəbuluna gəlsin, nə lazımsa ediləcək. Dediyinə görə qızımın onun qəbuluna gəlməsindən xəbəri olmayıb. Amma mən heç kimə inanmıram. 10 aydır qızım icra hakimiyyətinə ayaq döyür. Aşağıdakı “kiçik məmurlar” imkan verməyib. Üstəlik qızıma “köhnələr 30 il gözləyib, siz niyə tələsirsiz? – deyiblər. Belə münasibət qızımı intihara məcbur etdi. Özü də qızım bir ay əvvəl icra hakimiyyətində olanda qəbula düşə bilməsə, intihar edəcəyini bildirmişdi. Kiçiyindən böyüyünə qədər hamı bilirdi”.

Almaz Məmmədova qızının icra başçısından tələblərindən də danışıb:

“Qızımın başqa övladı yoxdu. İcra başçısından obyekt istəyir ki, həm dolansın, həm də cəmiyyət içinə çıxıb az da olsa dərdini unutsun. 4 divarla danışmaqdan yorulub. İcra başçısına demir ki, arvadının qızıllarını mənə ver? Sadəcə şəhərin mərkəzində obyekt işlətmək istəyir ki, bir tikə çörək üçün kiməsə möhtac olmasın”.

Xatırladaq ki, şəhid Sahib Həsənov Vüsalə Məmmədovanın yeganə övladı idi. Vüsalə Məmmədova Yaşlı anası ilə aylığı 250 manat olan kirayə evdə qalır.

Dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, başçının qəbuluna düşə bilməyib. Dolanışığı çətinləşdiyindən ötən gün intihara cəhd edib.

Gəncə Şəhər İcra Hakimiyytindən saytımıza isə bildirilib ki, qurum tərəfindən şəhid ailələri və qazilərin müraciətlərinə dərhal reaksiya verilir, bu kateqoriyadan olan şəxslər şəhər rəhbərliyi tərəfindən növbədənkənar qəbul olunurlar:

“Niyazi Bayramov səhhəti pisləşən şəhid anasını ziyarət edib və onun vəziyyəti ilə maraqlanıb. Vüsalə Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Azərbaycanının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə daim xüsusi qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.

Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı icra başçısının qəbuluna gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib”.

İcra Hakimiyyətinin açıqlamasında o da qeyd olunub ki, Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilib və onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb:

“Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə şəhər icra başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb. Vüsalə Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kiyarəsinin ödənilməsi üçün maddi yardım göstərilib. Ərzaq yardımı edilib, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada köməklik göstərilib. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilib”, – deyə məlumatda bildirilib.