Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İcra Hakimiyyəti səkiləri restoranlara neçəyə satır? – FOTO

Yay aylarında xüsusilə də şəhərin mərkəzində, Nizami küçəsi və ya “Tarqovı” adlanan yerdə kafe və restoran sahibləri masaları səkilərə düzərək, xidmət göstərir. Bu isə piyadaların hərəkətinə mane olmaqla bərabər, qanunların pozulmasıdır.

Təqdim etdiyimiz fotolardan da görünür ki, şəhərin mərkəzində səkilərə və piyada yollarına masa qoymaq adi hal alıb.

Maraqlıdır, bu barədə qanun nə deyir?

Mövzu ilə bağlı danışan Otellər və Restoranlar Assosasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti ara-sıra restoranlara stol və stullarını müəssisədən çölə çıxarmağa icazə verir:

“Amma belə icazələrin sayı azdır. Təəsüf ki, bir çox restoranlar qanunu pozaraq, icazə almadan masaları səkilərə düzürlər. Həmin restoranlar İnzibati Xətalar Məcəlləsinə əsasən, məsuliyyətə cəlb olunmalıdır. Cərimənin məbləği 80 manatdır. Amma cərimə onları bu hərəkətdən çəkindirmir. Düzdür, bu addımı atan kafe və restoranlar sakinlərin hərəkətinə mane olur. Digər tərəfdən isə bunu da anlamalıyıq ki, bütün turizm mərkəzlərində, turizm şəhərlərində belə təcrübə var. Bəli, piyadaların hərəkətinə maneələr törədilir, amma biznesi də anlamaq lazımdır. Məncə, burada təşviqat aparılmalı və qarşılıqlı anlaşma olmalıdır. Əhali başa düşməlidir ki, bu biznesdir. Restoran sahibləri isə anlamalıdırlar ki, stol və stulları səkilərə və yaxud da səkilərə yaxın yerə düzməklə hansı maneə törədirlər və bunu həm icazəli, həm də əndazədə etməlidirlər”.

S.Dübəndi qeyd etdi ki, avtomobillərin keçdiyi səkilərə bitişik yerlərdə də masaları çıxarıb xidmət göstərən restoranlar var:

“Maşınların keçdiyi çox yaxın yerlərdə, hətta bitişik səkilərdə restoranlar öz masalarını çıxarıb xidmət göstərir. Bu, həm ekoloji qaydalara ziddir, çünki avtomabillərin tullantılarından, yerdən qalxan tozlardan insan orqanizminə ziyan dəyə bilər, digər tərəfdən də qida təhlükəsizliyi qaydaları pozulur. Buna diqqət yetirmək lazmıdır. Bəzən də həmin restoranlarda musiqi səsləri, müştərilərin səsi sakinlərə mane olur”.

Bakı şəhər İcra Hakimiyyətindən bildirdilər ki, kafe və restoran sahiblərinin masaları səkilərə düzərək piyadaların hərəkətinə mane olmalarına heç bir cavabdehlik daşımırlar.

Bakı İH-dən verilən cavab olduqca təəccüb doğrur, çünki Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Ticarət və Xidmət Departamenti qanunvericiliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və s. xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirir. Sözügedən orqan ticarət, ictimai iaşə, məişət və digər xidmət, həmçinin istehsal obyektlərinin mövcud qanunvericiliyə uyğun yerləşdirilməsi və istismarına nəzarəti həyata keçirmək, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür.

İcazəsizdirsə, restoran sahibləri piyada yolunu necə hasarlayır?

Rəsmi açıqlamadan və ekspert rəyindən belə anlaşılır ki, restoran və kafe sahiblərinin xidmətləri küçələrə, maşın və piyada yollarına daşıması qanunvericiliklə nəzərdə tutulmur, bu, özbaşına edilir. Maraqlıdır, özbaşına edilirsə, küçələrə çıxarılan masaların ətrafı necə hasarlana, orda gül-çiçək düzülə, bəzi hallarda isə hasarlana bilir?

Redaksiyamıza daxil olan məlumata görə, qanunvericilikdəki bu boşluqdan xüsusilə şəhər mərkəzində sui-istifadə edilir. Belə ki, bəzi iddialara görə, Səbail İcra Hakimiyyəti kafe və restoran sahiblərindən külli miqdarda pul alaraq, onların bu addımlarına göz yumur.

Səbail rayon İcra Hakimiyyəti bu istiqamətdə sorğumuza cavab olaraq bildirdi ki, bununla bağlı məsuliyyət Bakı şəhər İcra Hakimiyyətinə aiddir və sorğunu da meriya cavablandıra bilər.

Qeyd edək ki, piyada səkisində insanların hərəkətinə mane olan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunurlar. Qanuna görə, qaydanı pozan fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500, hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilə bilər./Axar.az/

www.yenicag.az

354
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100