Azərbaycan yeni idarəetmə modelinə keçməyə hazırlaşır. Bu prosesə icra hakimiyyətlərinin ləğvi ilə start veriləcək.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 14 iqtisadi rayonun yaradılmasından sonra bu məsələ daha da aktuallaşıb.
Qeyd edək ki, hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. Qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən bu institutun özünü doğrultduğunu söyləmək mümkündür. Xüsusi nümayəndəliklərin fəaliyyəti Qarabağda geniş vüsət almış quruculuq-abadlıq işlərinin fonunda qiymətləndiriləndə, bu modelin daha geniş coğrafiyada tətbiqinə ehtiyac yaranır.
Bildirək ki, xüsusi nümayəndəlik institunun fəaliyyətə başlaması icra hakimiyyətlərinin “kölgədə” qalmasına səbəb olub. Hazırda icra hakimiyyətləri “JEK” funksiyasını yerinə yetirməkdən o yana keçə bilmirlər. Bu isə həmin strukturun tezliklə ləğv olunacağı ilə bağlı ehtimalı bir qədər də qüvvətləndirib.
“Yeni Sabah” icra hakimiyyətlərinin ləğv ediləcəyi tarixi dəqiqləşdirə bilib. Hakimiyyət dairələrindən saytımıza bildirilib ki, bu qurumun ömrünü başa vurmasına cəmi bir neçə ay qalıb. Məlumatlı şəxs icra hakimiyyətlərinin ləğv ediləcəyi tarixi də açıqlayıb. Onun sözlərinə görə, icra hakimiyyətləri parlament seçkilərindən dərhal sonra arxivə göndəriləcək.
Mənbə deyib ki, qanun qadağan etsə də, seçki prosesinə rəhbərlik birbaşa icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
“Ölkə kifayət qədər həssas bir dövrə qədəm qoyur. Növbəti parlament seçkiləri yaxın 2-3 ayda baş tutacaq. Belə həssas məqamda icra hakimiyyətlərinin “təcrübəsinə” əlahiddə ehtiyac var. Növbəti seçki təkcə parlamentin indiki tərkibinin deyil, həm də icra hakimiyyətlərinin sonunu gətirəcək”,- deyə mənbə fikrini tamamlayıb.