Azərbaycanda bir çox rayon və şəhər icra başçılarının Prezident tərəfindən qarşılarına qoyulan tapşırıq və vəzifələri layiqincə yerinə yetirmədiyi gün kimi aydındır. Hər gün müxtəlif bölgələrdən aldığımız şikayət məktubları da bunu təsdiq edir. Yenicag.az Yenilik.az-a istinadən xəbər verir ki, bir çox icra başçılarının başı öz biznesinə, var-dövlətinin sərhəddlərini genişləndirməyə o qədər qarışıb ki, dövlətdə gedən islahatlardan da, Prezidentin sərəncamlarından da vaxtında xəbər tuta bilmirlər, bəlkə də xəbər tuturlar, amma bu islahatlara etiraz edirlər. Hər halda ortaya çıxartdığımız məsələnin başqa cür uzahını tapa bilmirik.
Xəbər verir ki, hələ ötən il dekabrın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi və Dövlət Təhlükəsizlik Xidməti yaradıldı. Amma üstündən 6 ay keçməsinə baxmayaraq bir sıra 14 rayon və şəhərin icra hakimiyyətinin rəsmi saytında DTX əvəzinə Milli Təhlükəsizlik Nazirliyi və ya MTN yazılıb. Doğrudanmı həmin icra başçıları-Taleh Qaraşov (Lənkəran), Elxan Usubov (Şəki), Eldar Əzizov (Səbail), Səbuhi Abdullayev (Qəbələ), Siraqəddin Cabbarov (Saatlı), Raqub Məmmədov (Ağdam), Məhərrəm Quliyev (Ağstafa), Adil Vəliyev (Sabunçu), Nizaməddin Quliyev (Goranboy), Qoca Səmədov (Yevlax), Müstəqim Məmmədov (Tərtər), Yaşar Məmmədov (Quba) və digərləri o boyda nazirliyin bir gecədə ləğv edilməsindən xəbərsizdirlər, yoxsa xəbərləri var, keçmiş MTN-nin ləğvinə etirazlarını bu cür bildirirlər? Bu sualların cavabı bizə məlum olmasa da fakt göz qabağındadır.
Hər halda rəsmi dövlət saytında arada yenilənmə etdirsələr, bu kimi anormal vəziyyət ortaya çıxmaz.