“Ölkəmizdə dindən istifadə edib qarışıqlıq salmaq istəyirlər. Heç kimə sirr deyil, İran bu məsələdə çox fəaldır”.
Bunu ölkədəki siyasi durğunluq, siyasi partiyaların dini cəryanlara meyil etməsi və hazırkı vəziyyətdən çıxış yolunu şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Fərəc Quliyev bildirib ki, hazırkı vəziyyəti dəyişmək üçün ciddi islahatlara ehtiyac var:
“Ölkədə siyasi mühitin normal olması üçün mütləq seçki sistemində dəyişiklik edilməli, silahatlar aparılmalıdır. Əslində, parlamentin qurulmasında qarışıq sistemin olması vacibdir. Milli Məclis majoritar və proporsional seçki sistemi ilə formalaşmalıdır. Proporsional sistem olduqda partiyalar düşüncə savaşına girirlər. Elektorat da düşüncəyə səs verir, fərdlərə yox. Bu, ölkədə siyasi mühitin inkişafına səbəb olur, həm də insanların siyasi partiyalara marağı artır.
Bundan əlavə, icra hakimiyyətlərinin yerli bələdiyyələrlə əvəz olunması vacibdir. Yerli idarəetmə tətbiq olunarsa, həm məsuliyyətin, həm də hüququn bölüşdürülməsi prosesi başlayacaq. Bələdiyyələr Azərbaycanda formal xarakter daşıyır. Məncə, icra hakimiyyətlərinin səlahiyyətləri tamamilə bələdiyyələrə ötürülməlidir. Ola bilər, bu, tədricən olsun. Prezidentin sadəcə yerdə nümayəndəsi olsun və məsələlərə baxsın.
Pandemiya, postpandemiya dönəmi, müharibənin olması da prosesləri bir qədər ləngitdi. İstər siyasətçilər, istər jurnalistlər deyirdilər ki, müharibədən sonra ölkə ağır gündədir, bəzi problemlərə göz yummaq kimi bir yanaşma oldu. Siyasi fəallıq deyəndə mütləq mitinqlər, küçə yürüşlərinin olması vacib deyil. 2002-ci ildə həbsdən çıxanda bir şüar dedim, o vaxt məni daşqalaq edirdilər. Sonra hamı mənim dediyimi deməyə başladı. Demişdim ki, dalaşmaqdan əvvəl danışmaq lazımdır.
Azərbaycanda dini cəryanların fəallığı son dərəcə artıb. Buna baxanda görürük ki, birmənalı şəkildə iplər gedib çıxır kənara. Ölkəmizdə dindən istifadə edib qarışıqlıq salmaq istəyirlər. Heç kimə sirr deyil, İran bu məsələdə çox fəaldır. Hətta qadınları belə çıxarıb etiraz etdirir. İranın mahiyyəti aydındır. Hizbullah adlı partiya yaradan dövlətə nə ad vermək olar. Hizbullah Allahın partiyasıdır. Allahın partiyası olar? Ölkəni qarışdırmaq istəyirlər. Hətta Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolinisi, Marneulidə, Borçalı mahalında belə eyni şeyləri etməyə əl atıblar. Bu, çox ciddi məsələdir. Bunun ən pis tərəfi odur ki, Azərbaycanda bəzi siyasi partiyalar bilirlər, nə baş verir, ancaq bundan istifadə edirlər”.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanda bəzi partiyaların ipləri öz əllərində deyil:
“Ölkədə hansısa problem varsa, əslində, kifayət qədər problemlər var. Bunlara münasibət bildirmək lazımdır. Onlara adekvat reaksiyalar vacibdir. Mitinqlər, küçə yürüşləri, kütləvi tədbirlər normaldır. Ancaq başqa bir dövlətin istəyini həyata keçirmək üçün ölkdə baş qaldıran dırnaqarası dindarların məsələsini istifadə etmək yalnış məsələdir”.
Səxavət Məmməd