İctimai Birlik sədri: “Növbəti ildə də fəaliyyətimiz bu yöndə davam edəcək”

 “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: “Növbəti ildə də fəaliyyətlərimiz sağlam, rəqabətədavamlı və İctimai Birliyinin sədri”

“İrəli” İctimai Birliyi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətini dəstəkləyən, gənclərin dinamik inkişafında rolunu daha da gücləndirən, ölkə gəncliyinin sağlam, rəqabətədavamlı şəkildə formalaşmasını özünün əsas missiyası hesab edən təşkilat kimi fəaliyyətinin 14-cü ilini başa vurur. Bu müddət ərzində qarşımıza qoyduğumuz hədəflər təşkilat olaraq daha məsuliyyətli və planlı şəkildə çalışmağa əsas verib.

Bu sözləri “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı rəhbərlik etdiyi təşkilatın 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair Yenicag.az-a açıqlamasına bildirib.

Birliyin cari ildəki fəaliyyətinin olduqca məhsuldar olduğunu qeyd edən Ş.Rəhmanlı deyib: “Bu il 8 müxtəlif istiqamət üzrə gənclərin qarşısına çıxdıq. Dövlət gənclər siyasətinin banisi, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyasının gənclərə aşılanması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirildi. Həmçinin Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin gənclərə müraciəti, 44 günlük Vətən müharibəsi, eləcə də, digər mövzularda beynəlxalq KİV-də müsahibə və açıqlamaları sosial şəbəkə istifadəçilərinə çatdırıldı.

Ümummilli məsələlərdə daim aktiv olduq, 20 yanvar – Ümumxalq Hüzn Günü, habelə Xocalı faciəsinin 30-cu ildönümü çərçivəsində bir sıra fəaliyyətlər baş tutdu. “Əbədi Məşəl” fləşmobu, paralel olaraq keçirilən tvitter kampaniyaları gənclərimizi aktiv iştirakını təmin etdi. “Müstəqillik Günü – 104 illik miras” adlı tədbirlər planı ilə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi keşməkeşli yola nəzər saldıq. 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin 2-ci ildönümü ilə əlaqədar “Müzəffər Əsgərimiz” layihəsi çərçivəsində hazırlanmış videoçarxların nümayişləri respublikamızın bütün bölgələrində 2000-dən çox gənci əhatə etdi. 8 Noyabr – Zəfər Gününü tədbirlər planına uyğun olaraq Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı şəhəri N saylı hərbi hissədə, əsgərlərimizlə birgə qeyd etdik. Hazırda Xankəndi-Laçın yolunda davam edən, rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində törədilən ekoloji terrora qarşı keçirilən dinc aksiyada digər QHT nümayəndələri kimi “İrəli” gəncləri də fəal iştirak edir”.

Şahin Rəhmanlı onu da qeyd edib ki, 2022-ci il üzrə ümumilikdə 20-ə yaxın genişmiqyaslı layihəsinin icrası uğurla başa çatıb. “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Komandanın Baza Biliklərinin Gücləndirilməsi” layihəsi ilə təşkilatın gənclərlə işləyən üzvlərinin potensialı artırılıb. Artıq 3-cü dəfədir ki, elan edilən “Rəqəmsal ay” müddətində rəqəmsal alətlərdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, xüsusilə də, region gənclərinin onlayn resurslara əlçatanlığı təmin edilib. “Birgə və Sağlam” İctimai Birliyi ilə “Eynəyini Dəyişdir” layihəsi çərçivəsində gənclər təşkilatları nümayəndələrinin autizm spektr pozuntusu haqqında məlumatlılığı artırılıb, həmçinin layihə müddətində autizmli gənclər müxtəlif gənclər təşkilatlarında könüllü fəaliyyətə cəlb olunub.

“Bu il “QHT Əməkdaşlarının Media və PR Bacarıqlarının Artırılması” layihəsi 20-dən çox qeyri-hökumət təşkilatından 35 əməkdaşı bir araya topladı. QHT-lərin mediaya çıxış imkanlarının gücləndirilməsi, aparılan PR-ın səmərəliliyinin artırılması istiqamətində bir sıra mövzulara toxunduq. “Sosial İşin Əsasları” təhsil proqramı vasitəsilə üç mövsümdə ümumilikdə 100-ə yaxın gəncimizə bu sahədə yeni biliklər aşıladıq. “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin icrası respublikamızın müxtəlif regionlarını təmsil edən 30 nəfər gəncin komandanın güclü və zəif tərəflərinin müəyyən edilməsi, gənclərin ictimai həyatda iştirakçılığı, icma quruculuğu və digər mövzularda yeni məlumatlar əldə etməsinə yol açdı. Həmin gənclər öz öyrəndiyi bilikləri müxtəlif auditoriyalarda təlimlər şəklində digər gənclərə ötürərək 3 minə yaxın gənci əhatə etdi.

Gənclərə “Qızıl Yardım” əlimizi uzadaraq, nəzəri və praktiki modullar vasitəsilə ekstremal şəraitdə mövcud vəziyyətə uyğunlaşaraq zərərçəkmişə ilk yardım bacarıqlarını təkmilləşdirdik. 30-a yaxın gəncimiz bu layihəni müvəffəqiyyətlə başa vuraraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ilk yardım sertifikatı əldə etdi. “Region Gənclərinin Bacarıqlarının Artırılması” ilə 8 regionda ümumilikdə 500-ə yaxın gəncə “İctimaiyyətlə əlaqələrin əsasları”, “Gənclərlə işdə rəqəmsal bacarıqlar”, “Layihələrin yazılması və idarə olunması” mövzularında biliklər ötürərək, regionlarda gənclər şəbəkəsinin qurulması istiqamətində töhfələr verdik”.

Təşkilat olaraq birgə tərəfdaşlığa daim açıq olduğu bildirən Ş.Rəhmanlı bu istiqamətdə çağırış edib: “İrəli” həm də yaxşı tərəfdaşdır. Cari il ərzində Müdafiə Nazirliyi ilə birgə “Əsgərin Kitab Rəfi” kitabtoplama aksiyası müddətində 12154 kitab topladıq. Azərbaycan Milli Karate Federasiyası ilə birgə fəaliyyət çərçivəsində “Karate 1 Premyer Liqa – BAKU 2022” beynəlxalq turnirinin təşkilində könüllülərimiz aktiv iştirak etdi. “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi ilə bullinqə qarşı istiqamətində “Stop or Stop it” layihəsini həyata keçirərək hər iki mərhələ üzrə 300-ə yaxın gəncə bullinqin fəsadları, özünəinam və digər mövzular haqqında yeni məlumatlar ötürdük.

Həmçinin onu da qeyd edək ki, Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır – 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində qalib olmuş 10 gəncimiz öz layihəsini “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirəcək. Təşkilat olaraq gənclərin ideyalarının dəstəklənməsində daim hazırıq. Bu istiqamətdə “İdeya Bankı”mız ilboyu fəaliyyət göstərir. Gənclər “İdeya Bankı”na müraciət edərək, öz həyata keçirmək istədikləri layihələri bizimlə birgə reallaşdıra bilərlər”.

“İrəli” İctimai Birliyinin sədri diqqətə çatdırıb ki, cari il ərzində həyata keçirilən layihələrdə 9525 nəfər gəncin iştirakı qeydə alınıb. Respublikamızın 13 iqtisadi rayonunda baş tutan tədbirlərdə ümumilikdə 5748 region gənci əhatə olunub. İl boyunca “İrəli” İctimai Birliyinin sosial iş, sağlamlıq, tarix, idman və intellektual mərkəzləri üzrə 11 ekskursiya, 22 üzvlərlə görüş və 24 tədbirin icrası reallaşdırılıb. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq çərçivəsində ölkə hüdudlarından kənarda keçirilən 9 layihədə 15 nəfər “İrəli” gənci ölkəmizi təmsil edib.

Təşkilatın kütləvi informasiya vasitələri ilə əlaqələrinin gənclərə çıxış baxımından olduqca önəmli olduğunu vurğulayan Ş.Rəhmanlı bildirib ki, cari ildə mətbuatda 97 mövzuda 965 xəbər, 16 açıqlama yayımlanıb, ümumilikdə 500 minə yaxın baxış sayı əldə olunub. Baş tutmuş fəaliyyətlər 17 telekanal tərəfindən 46 dəfə işıqlandırılıb.

Birlik sədri həmçinin gənclərin ilk onlayn radiosunun da fəaliyyətinə toxunub: “İradio” cari ildə 20 gənc aparıcını ətrafına topladı. Təcrübəçi gənclər 12 təlim və görüşdə iştirak edərək, 180 efir sayı ilə dinləyicilərin qarşısına çıxdılar. Radio təcrübəsi qazanmış gənclərimiz hazırda müxtəlif media qurumlarında, televiziya kanallarında çalışırlar. Bu əlbəttə ki, hər birimizi olduqca sevindirir”.

Növbəti ildə daha da genişmiqyaslı fəaliyyətlərin olduğunu qeyd edən Şahin Rəhmanlı təşkilatın 2023-cü il üzrə planlarını açıqlayıb: “Növbəti ildə də fəaliyyətlərimiz sağlam, rəqabətədavamlı və vətənpərvər gəncliyin formalaşması yönündə davam edəcək. Həmçinin bu il xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi təntənəli surətdə qeyd olunacaq ki, bununla əlaqədar təşkilat tərəfindən silsilə tədbirlərin icrası nəzərdə tutulur. Bir sıra layihə və tədbirlərimizlə ilklərə imza atmaq niyyətindəyik. Əminik ki, növbəti il ərzində fəaliyyətlərimiz aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, özəl qurumlar və kütləvi informasiya vasitələri ilə birgə əməkdaşlıq çərçivəsində daha da uğurlu olacaq. Şüarımız isə dəyişməzdir: Vətən üçün, gənclik üçün, gələcək üçün irəli, irəli, irəli!”