İctimai Birlikdən təhsillə bağlı çağırış

“Uşaqların müdafiə mexanizmi təhsildən başlamalıdır. Uşaqların hüquqları, müdafiəsi, onlara qarşı zorakılıq əleyhinə yanaşma, əsasən, onların tədrisi ilə məşğul olan müəllimlərdə olmalıdır”

Yenicag.az xəbər verir ki, bunu “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib.

O, bildirib ki, ümumiyyətlə, uşaqların təhsil aldığı müəssisələrdə hər kəs uşaqların müdafiəsi, təhlükəsizliyi barədə bilgiyə sahiblənməlidir.

“Məsələn, indi müəllimlər öz ixtisası ilə bağlı mütəxəssis olurlar, amma uşaqlarla davranışı tam öyrənmirlər.

Pedaqogika yeni standartlara cavab verməlidir, məsələn, uşaqlarla davranış, ünsiyyət, uşaq psixologiyası və s. prioritet təşkil etməlidir.

İndiki dövrün uşaqları texnoloji əsrin uşaqlarıdır və onlara fərqli yanaşılmalıdır. Ən əsası indiki müəllimlərin əksəriyyəti uşaq zorakılığı əleyhinə bilgilərini artırmalı, uşaqlara sözlü, fiziki təhqiri üstün tutmamalıdırlar.

Xüsusilə gənc müəllimlər üçün əksər hallarda uşaq hüququ, müdafiəsi əsas olmalıdır.

Müəllim-şagird münasibətlərinin zorakılıq səviyyəsinə gəlib çıxması pedaqoq hazırlığı ilə birbaşa bağlı olan məsələdir.

Bəzən tədris təlimi kölgədə qoyur. Bu da uşaqların şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaqların özünü təqdim etmək, öz bilik bacarıqlarını nümayiş etməklə bağlı çox çətinlikləri olur, yəni çəkinirlər, çünki tərbiyə bu cür verilib. Burada ailə ilə yanaşı, müəllimlərin də günahı var. Azərbaycan məktəbləri şəxsiyyət yetişdirmək baxımından çox zəifdir. Çünki məktəblərdə müəllim çoxdur, pedaqoq azdır. Cəmiyyətin müəllimlərdən gözləntiləri də az deyil. Ona görə müəllimlər ciddi hazırlanmalıdır.

Bəzən müəllimin hər hansı bir şagirdlə yaxşı münasibəti olmur, bunun əsas səbəbi pedaqoqların “uşaqların dili”ni bilməməsidir. Müəllim uşağı anlamırsa, problem oradan başlanır.

“Gənc Vətəndaş” İctimai Birliyi ali pedoqoji təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək təklif edir ki, yeni tədris proqramına uşaq hüquqları ilə bağlı fənn salınsın. Bu müəllimləri yeni dövrün çağırışlarına hazırlamaq baxımından önəmlidir. Çünki onlar təkcə müəllim yox, həm də pedaqoq kimi hazırlanmalıdırlar”.

COP29