“Əgər başqalarına zərər vura biləcək bir hərəkətə görə qanunda cəza yoxdursa, bu, həmin hərəkəti edə bilərik demək deyil”.
Bunu “İctimai nəqliyyatdan xəstə ola-ola istifadə edənlərə qarşı nə etməliyik?” sualını cavablandıran sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, sözügedən məsələni inzibati yolla tənzimləmək, yaxud həll etmək mümkün deyil:
“Bu səbəbdən qanuni tədbir də nəzərdə tutulmayıb. Burada məsələ insanın vicdanına qalır. Kimsə xəstədirsə, asqırırsa, yaxud öskürürsə ictimai nəqliyyatdan maskasız istifadə etməməlidir. Əgər xəstə sərnişin etik qaydalara riayət etmədən ictimai nəqliyyata minərsə, digər sərnişinlər irad tutmalı və həmin şəxsi qınağa məruz qoymalıdırlar.
Heç kəs başqalarını xəstəliyə yoluxdurmağı öz şəxsiyyətinə sığışdırmamalıdır. Əgər bir cəmiyyətdə hər kəs könüllü şəkildə etik qaydalara riayət edirsə, vicdanlı, hansı cəmiyyətdə riayət edilmirsə, həmin toplumda vicdansızlar çoxdur. Yəni bu da bir növ indikatordur. Əgər başqalarına zərər vura biləcək bir hərəkətə görə qanunda cəza yoxdursa, bu, həmin hərəkəti edə bilərik demək deyil. İnsan təkcə qanunlara deyil, etik qaydalara da əməl etməlidir”.
Nəsimi Ələagərli