!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İctimai nəzarətçilər “konvoy” funksiyasını yerinə yetirə bilməzlər” – Tanınmış hüquqşünas

!Reklam – Yazi

“Məhbusların bir ərazidən digərinə daşınması məxfi saxlanılan detaldır”.

Bu fikirləri Yenicag.az-a açılamasında bəzi millət vəkillərinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yönəlik iradlarına münasibət bildirən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Milli Məclisdə ötən həftə “Silahlı Qüvvələr Haqqında” qanun layihəsinin müzakirəsinə qatılan bəzi deputatlar silahlı qüvvələrin fəaliyyətinə bu və başqa formada nəzarət mexanizminin hazırlanmasını təklif ediblər.

Bu təklifin əsas dəstəkçilərindən olan millət vəkili Fazil Mustafa Silahlı Qüvvələrdən başqa, Penitensiar Xidmətin fəaliyyətinə də nəzarətin artırılmasının vacibliyini dilə gətirib.

Onun sözlərinə görə, son aylarda qeydə alınan məhbus qaçışları, intiharları və intihara cəhd halları Penitensiar Xidmətin fəaliyyətindəki nöqsanlardan xəbər verir və bu, qurumla bağlı nəzarətin gücləndirilməsini zərurətə çevirir.

Bununla belə, Fazil Mustafanın bu təklifi hüquqşünaslar tərəfindən birmənalı qarşılanmır və sözügedən təklifə ehtiyac olmadığı bildirilir.

Mövzu ilə əlaqədar Yenicag.az-a danışan Əliməmməd Nuriyev bildirib ki, artıq uzun müddətdir ki, Ədliyyə Nazirliyinin nəzdində İctimai Komitə fəaliyyət göstərir və bu qurum öz vəzifəsinin öhdəsindən gəlir:

“Açığı, Milli Məclisdə Penitensiar Xidmətin fəaliyyətinə ictimai nəzarətin artırılmasına dair təkliflər müəyyən təəccüb doğurur. Çünki Azərbaycanda ilk dəfə olaraq, 2006-cı ildən məhz Ədliyyə Nazirliyinin nəzdində vətəndaş cəmiyyəti təmsilçiləri arasından seçim yolu ilə formalaşdırılmış 11 nəfərdən ibarət İctimai Komitə formalaşdırılıb.

Ötən dövr ərzində İctimai Komitə məhbusların saxlanılma şəraiti, onların əməyə cəlb edilməsi, islah-əmək müəssisələrinin əməkdaşları ilə münasibətlər və sair məsələlərlə bağlı mütəmadi şəkildə monitorinq apararaq, qeydə alınan nöqsanlar müvafiq hesabatlarla ictimailəşdirilib.

Qeyd edim ki, İctimai Komitənin üzvləri bu müddət ərzində xəbər vermədən islah-əmək müəssisələrinə gedərək, təqribən 300 civarında monitorinq aparıb. Azərbaycanda yaradılmış bu təcrübə ölkə xaricində də maraqla qarşılanıb və bəzi ölkələr də analoji praktikanın tətbiqi istiqamətində addımlar atıblar.

İctimai Komitənin fəaliyyətini qənaətbəxs saymağa əsas verən məqamlar bundan ibarətdir ki, Ədliyyə Nazirliyi təqdim olunan hesabatlara həssaslıqla yanaşaraq, problemlərin aradan qaldırılması istiqamətində addımlar atıb.

Düzdür, Penitensiar Xidmətin fəaliyyətində müəyyən çatışmazlıqlar ola bilər. Vurğulanan məhbus qaçışları, intihara cəhdlər bu qəbildən olan məsələlərdir. Ancaq nəzərə alaq ki, bu kimi hallar nəzarət məsələsi ilə əlaqədar deyil. Yəni ictimai nəzarətçilər – istər hüquq müdafiəçiləri olsun, istərsə də deputatlar – “konvoy” funksiyasını yerinə yetirə bilməzlər. Unutmayaq ki, islah-əmək müəssisələri xüsusiləşdirilmiş hərbi xarakterli qurumlardır. O baxımdan, məhbusların bir ərazidən digərinə daşınması məxfi saxlanılan detaldır və həmin məlumatın açıqlanması məntiqli deyil.

Məncə, bu təklifi irəli sürənlər Penitensiar Xidmətin qeyd etdiyim kimi xüsusi funksiyalı qurum olduğunu diqqətdən qaçırıblar, yoxsa belə təklif irəli sürməzdilər”.

A. Zeynalov

www.yenicag.az

2626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv