Dünən ölkə gündəmi Xalq artisti Ağadadaş Ağayevin məşhur klinikalardan birinin əməkdaşına balta atması xəbəri ilə silkələndi. Hadisə birmənalı qarşılanmadı. Fikirlər müxtəlif oldu. Kimi Ağadadaş Ağayevi müdafiə etdi, kimi qınadı…
Suallarımıza cavab verən sosioloq Rüfət İsmayılzadənin də məsələyə öz münasibəti var:
“ Əvvəla onu deyim ki, baş verən hadisə heç də ürəkaçan deyil. Xüsusən də bu, ölkədə kifayət qədər tanınan, ictimai nüfuzu olan Xalq artisti tərəfindən törədilirsə … Əslində, məsələnin əsl mahiyyətini heç kim dəqiq bilmir, çünki qarşı tərəf açıqlama vermədiyindən, şaiyələr ildırım sürəti ilə yayılır. Bu da cəmiyyətdə birmənalı qarşılanmır. Amma bir nüans var: bütün hallarda kobudluq, aqressiya yolverilməzdir. Xüsusən də bu, ictimai nüfuzu olan adam üçün daha çox keçərlidir. İctimai nüfuzu olan insan kobudluğa, kimisə təhqirə, aqressiyaya yol verə bilməz. Bütün hallarda qarşı tərəf özünü təmkinli aparmalı idi. Gənclər, uşaqlar ictimai nüfuzu olan insanların etikasından, davranışlarından nümunə götürməlidirlər. Xalqın etimadını, sevgisini qazanmaq mümkündür, əsas həmin zirvədə qalmaqdır. Kiminsə nüfuzu onun kiməsə əl qaldırmasına yol açmır. Biz demokratik ölkədə yaşayırıq. Qanunlar hamı üçün eynidir. Bu, Xalq artisti olsa da belə…