Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İctimai TV-də gündəmi silkələyəcək veriliş - İlk dəfə

İctimai Televiziya “Diqqət Mərkəzi – Yekun” adlı verilişlə efir məkanında bir ilkə imza atacaq. Bu verilişdə 12 müxtəlif fikirli ekspert gündəm məsələlərini və müxtəlif mövzuları müzakirə edəcək. Veriliş öz fərqliliyi, studiya, işıq və səs effektlərinin bir-birini tamamlaması ilə bütün diqqətləri özünə cəlb edəcək.

Yenicag.az xəbər verir ki, tanınmış aparıcılar Alidə Mustafa və Ceyhun Əlinin təqdimatında hazırlanan verilişin İctimai TV-də hər bazar günü yayımlanması nəzərdə tutulub, lakin ilk buraxılış bu gün, 21:35-də efirə gedəcək. Sözügedən buraxılışın məhz bu gün – çərşənbə axşamı yayımlanması Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədardır.

Verilişin budəfəki buraxılışında AXC-nin tarixindən və müasir Azərbaycan üçün qoyduğu mirasdan söhbət gedəcək. 200 nəfərlik auditoriyadan və 3 blokdan ibarət verilişin ilk hissəsində tarix elmləri doktoru, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov, Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı AXC-nin yaranma zərurətindən və hansı ilklərə imza atmasından danışacaq.

İkinci blokda millət vəkilləri Aydın Mirzəzadə, Elmira Axundova, Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı, ssenarist, xalq artisti Ramiz Fətəliyev, üçüncü blokda isə politoloq Zaur Məmmədov, “İrəli” təşkilatının sədri Mirhəsən Seyidov, XİN-nin mətbuat katibi Leyla Abdullayeva və Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Azərbaycan Xalq Cümhuriyyətindən və ondan sonra yaranan müasir Azərbaycandan söhbət açacaqlar.

İctimai Televiziyanın İctimai-siyasi Proqramlar Departamentinin rəhbəri Anar Yusifoğlu bildirib ki, verilişi onların departamenti ərsəyə gətirir:

“Həftə ərzində baş verən ən maraqlı hadisələr geniş auditoriyada müzakirə olunacaq. Azərbaycan efir məkanında ilk dəfədir ki, 200 nəfərə yaxın auditoriyaya sahib olan tok-şou hazırlanır. Düşünürəm ki, cəmiyyətimizin maariflənməsində və bilgiləndirilməsində verilişimizin müstəsna rolu olacaq”.

A.Yusifoğlu deyib ki, bu verilişdə həftənin hadisələri müzakirəyə çıxarılacaq:

“Verilişdə ekspertlərlə yanaşı, auditoriyanın da fikirləri müzakirə olunacaq. 1 saat olması nəzərdə tutulan proqram hər həftənin bazar günü saat 20.00-da efirdə olacaq, lakin bu buraxılışımız AXC-nin yaranmasına həsr olunduğu üçün məhz bu gün yayımlanacaq. AXC-nin dövlətçilik tariximizdə əhəmiyyəti, yaranması, fəaliyyəti və varislik məsələləri 12 ekspert arasında müzakirə olunur. Növbəti buraxılışlarda həftənin əsas hadisələri fərqli fikirli ekspertlərlə müzakirə olunacaq. Düşünürəm ki, verilişimiz hər kəs tərəfindən seviləcək. Bizim məqsədimiz cəmiyyəti maarifləndirmək və İTV-nin missiyasına uyğun proqramlar hazırlamaqdır”.

Ekspertlərin müzakirəsi və auditoriyanın sualları ilə daha da maraqlı keçməsi nəzərdə tutulan tok-şouda televiziyanın əyləndirmə, maarifləndirmə və bilgiləndirmə funksiyalarına tam əməl olunacaq. Geniş işçi heyətinin ərsəyə gətirdiyi “Diqqət Mərkəzi – Yekun” verilişinin böyük maraqla qarşılanacağı gözlənilir./Kult/

www.yenicag.az

1473