Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Narkoloji dispanserdə 25 nəfərin ölümü ilə nəticələn yanğın hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, faciə ilə əlaqədar olaraq İctimai TV-nin yayımında dəyişiklik edilib.
Bütün şou və əyləncə xarakterli verilişlər proqramdan çıxarılıb.
Belə ki, həftəiçi hər gün yayımlanan “Həmişəki tərz” verilişi bu gün yayımlanmayıb.
Məsələ ilə bağlı İTV-nin Musiqi, əyləncə və xüsusi layihələr departamentinin rəhbəri, eləcə də adı çəkilən verilişin aparıcısı Lamiyə Ələkbərqızı ilə əlaqə saxladıq.
O, məsələyə belə aydınlıq gətirib: “Bu gün Narkoloji dispanserdə baş verən faciə ilə bağlı nəinki aparıcısı olduğum “Həmişəki tərz”, o cümlədən İctimai televiziyanın efirində nümayiş olunan şou və əyləncəli verilişlərinin yayımı 3 günlük dayandırılıb. Faciədə dünyasını dəyişənlərin ailəsinə baş sağlığı verir və səbr diləyirik. Bu, hər birimizin acısıdır. Allah ölənlərə rəhmət eləsin”. (Aktual.az)