İddialar təsdiqləndi: Bu ölkə Ukraynada Rusiyanın tərəfində döyüşür – Kremldən REAKSİYA

Cənubi Koreya və Böyük Britaniya “Şimali Koreyanın Rusiya-Ukrayna müharibəsində Moskvanın tərəfində döyüşmək üçün qoşun göndərməsini” qınayıb.

Yenicag.az xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və Seulda səfərdə olan İngiltərənin xarici işlər naziri Devid Lemmi Şimali Koreyanın Rusiyaya dəstək olaraq Ukraynaya əsgər göndərdiyi iddiaları ilə bağlı birgə bəyanat verib.

“Biz Şimali Koreyanın qeyri-qanuni silah tədarükünü davam etdirməsini və Moskvanın Ukraynadakı qeyri-qanuni müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun göndərməsini qəti şəkildə pisləyirik”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin “Rusiyanın əsgər və silah göndərilməsi müqabilində Şimala nə təmin etdiyinə nəzarət edildiyi” və Moskvanın nüvə və ya ballistik raket texnologiyalarının Pxenyana mümkün transferindən “dərin narahat olduğu” bildirilib.

Bəyanatda Hind-Sakit okean və Avro-Atlantik regionlarının təhlükəsizliyinin “bir-birinə bağlı olduğu” qeyd edilib və Cənubi Koreya və Böyük Britaniyanın “Moskva və Pxenyanın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətlə birlikdə tədbirlər görməyə qərarlı olduqları” vurğulanıb.

Kremlin sözçüsü Dmitriy Peskov Şimali Koreya ordusunun Rusiyada olması iddiası ilə bağlı məlumatların ziddiyyətli olduğuna diqqət çəkib. “Çox ziddiyyətli məlumat görürük. Cənubi Koreyalılar bir şey deyir, sonra Pentaqon bunu etmədiyini açıqlayır”, – deyə o bildirib.

Peskov Şimali Koreya ordusunun Rusiyada olub-olmaması və Ukraynadakı “xüsusi hərbi əməliyyatda” iştirak edib-etməməsi ilə bağlı suala belə cavab verib:

“Bu, xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı sualdır. Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq lazımdır”.

Nəsimi Ələsgərli

COP29