IDEA-dan “dördayaqlı dostlar” üçün qeyri-adi kompleks – Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış Heyvanlara Qayğı Mərkəzi (IASS) öz missiyasını uğurla həyata keçirir.

Yenicag.az xəbər verir ki, bu il martın 1-də rəsmi açılışı olan Heyvanlara Qayğı Mərkəzində (IASS) sığınacaq və qayğıya ehtiyacı olan müxtəlif heyvanlara yüksək səviyyədə qulluq göstərilir.

Mərkəzdə yaradılmış şərait ora gətirilən sahibsiz heyvanların yerləşdirilməsi, müalicə olunmaları və tam qayğı ilə əhatələnmələrinə imkan verir.

Bundan başqa, Mərkəzdə heyvanlara daimi gigiyenik qulluq və əyləncə üçün də şərait yaradılıb. Eyni zamanda, heyvanlara qulluq göstərən Mərkəzin əməkdaşları və çoxsaylı könüllülərin rahat fəaliyyəti təmin edilib.

Qeyd edək ki, son günlərdə sahibsiz heyvanların güllələnməsi ilə bağlı yaranmış rezonans fonunda Heyvanlara Qayğı Mərkəzinin bu istiqamətdə həyata keçirtdiyi fəaliyyət xüsusi qeyd olunmalıdır.

Mərkəzin xüsusi avadanlıqlarla təchiz olunmuş qrupu küçə heyvanlarının tutulmasında humanist metodlardan istifadə edir, canlıların zərər çəkməmələri üçün maksimum diqqət göstərirlər.

Tutularaq Mərkəzə gətirilən sahibsiz heyvanlar filtrizasiyadan keçirildikdən sonra onlara müvafiq peyvəndlər vurub, qeydiyyata götürürlər.

Ümumiyyətlə, Mərkəzdə saxlanılan bütün heyvanların qeydiyyatı üçün elektron baza yaradılıb və onlar haqqında məlumat qurumun saytında, habelə sosial şəbəkə hesablarında yerləşdirilib. Heyvanları himayəyə götürən şəxslər həmin məlumatlarla tanış olaraq, seçim edə bilərlər. Hazırda Mərkəzdə himayəyə verilə biləcək 68 it var.
Mərkəz canlılara qayğı ilə yanaşı, onlara qarşı qəddar münasibətin dəyişdirilməsi istiqamətində maarifçilik fəaliyyətinə də geniş diqqət ayırır. Bu fəaliyyət çərçivəsində müxtəlif layihələr icra olunmaqdadır.

Eyni zamanda, arzu edənlər Heyvanlara Qayğı Mərkəzinə maddi yardım göstərə və və sponsorluq edə bilərlər.

Yenicag.az

COP29