Avqustun 9-da IDEA İctimai Birliyi tərəfindən Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfdaşlığı ilə təşkil edilən aksiya Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində baş tutub.
Aksiyada 30 nəfər könüllü, həmçinin yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından və balıqların təbii mühitdə inkişafının qarşısını alan, kustar üsulla hazırlanmış, istifadəsi qanunla qadağan edilmiş digər alətlərdən təmizləyiblər. Nəticədə yarım tona yaxın tullantı toplanaraq Neftçala rayonunun tullantılar poliqonuna təhvil verilib. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verilib.
Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizi və digər su hövzələrində balıqların təbii inkişafına mane olanalətlərdən təmizlənməsi, həmçinin Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınmasıdır. Bu təşəbbüs, eyni zamanda, sahilyanı ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə, Xəzərin faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır.
Tədqiqatlar göstərir ki, çaylara atılan məişət və sənaye tullantılarının getdikcə çoxalması Kür çayı, o cümlədən Xəzər dənizində balıq artımının kəskin azalma səbəblərindən biridir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən Kür çayı sahilində bu cür təmizlik aksiyaları təşkil edilir.
Kür çayı sahillərində mütəmadi olaraq təşkil edilən təmizlik aksiyaları təbii balansın saxlanılmasında və insan həyatında xüsusi rol oynayan çayların mühafizəsində cəmiyyətin səfərbər edilməsi, ərazinin ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunması baxımından böyük önəm daşıyır.
IDEA İctimai Birliyi aksiyaya qoşulan bütün təbiətsevərlərə göstərdikləri fəallığa, sağlam ətraf mühit naminə verdikləri töhfəyə görə təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətin mühafizəsi təşəbbüslərinə həssas yanaşmağa, sahillərimizin təmizliyinə riayət etməyə çağırır.