“İdlib böhranı Ərdoğanla Putinin münasibətlərini korlaya bilməz” – Rusiyalı ekspert

“Moskva ilə Ankara əməkdaşlığın davam etdirilməsinin zəruriliyini başa düşür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Suriyanın İdlib bölgəsi ətrafında yaranmış vəziyyət və Rusiya-Türkiyə münasibətlərinin gələcəyi haqda danışan Postsovet ölkələri üzrə Araşdırma Mərkəzinin eksperti, Rusiyalı politoloq Fərhad İbrahimov deyib.

Fərhad İbrahimov hesab edir ki, Moskva ilə Ankara arasında müəyyən fikir ayrılıqlarının yaranmasına baxmayaraq, bu, ikitərəfli münasibətlərin pozulmasına gətirməyəcək:

“Rusiya, Türkiyə və İran prezidentlərinin Tehranda baş tutan görüşü heç də sadə məsələ deyildi. Rusiya və İran Türkiyəni inandırmağa çalışdılar ki, terrorçularla siyasi dialoq aparmağın heç bir faydası yoxdur, onlar silahı yerə qoymaq və danışıqlara getmək niyyətində deyillər. Bununla belə, Tehran görüşünün müsbət nəticələri də oldu. Məsələn, Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədin legitimliyini tanımağa razılıq verdi. Ankarada belə hesab edirlər ki, Suriya böhranının nizamlanması çərçivəsində Türkiyə ilə Rusiya və İran arasında ortaya çıxan ziddiyyətləri aradan qaldırmaq üçün müzakirələr aparılmalıdır.

Suriyanın İdlib vilayəti silahlı qruplaşmaların nəzarətində olan son ərazilərdən biridir. Bu bölgə ilə bağlı veriləcək qərarlar Rusiya, Türkiyə və İranı ayrı-ayrılıqda üz-üzə gətirə bilər. Ancaq fikrimcə, Moskva, Ankara və Tehran yaranan anlaşılmazlıqları həll edə bilərlər. Türkiyə Suriyada sabitliyin nəhayət tam təmin olunmasını istəyir. Çünki onunla həmsərhəd ölkədə xaosun davam etməsi Türkiyə üçün də təhdidlər yaradır.

Eyni zamanda, ABŞ da Suriyada fəallığını artırmaq niyyətindədir. Vaşinqtonda çox narazıdırlar ki, ABŞ hazırda Suriya böhranının nizamlanmasında həlledici rola malik deyil. Ona görə də ABŞ çalışır ki, Rusiya-Türkiyə-İran formatının Suriya böhranının həlli üçün verdiyi qərarların həyata keçirilməsinə mane olsun.

İdlibə hücum məsələsində Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları mövcuddur. Həmçinin digər məsələlərdə də Moskva ilə Ankara arasında ziddiyyətlərin yaranması istisna deyil. Ancaq bu məqamlar iki ölkənin münasibətlərinin pozulmasına səbəb ola bilməz. Çünki hər iki tərəf əməkdaşlığın davam etdirilməsinin zəruriliyini başa düşür. Türkiyə ordusunun Əl-Bab və Afrindən çıxarılması hələlik gündəlikdə deyil. Bu məsələ yəqin ki prezidentlərin növbəti görüşündə müzakirə olunacaq”.

Qafqaz Ömərov