“İdlib böhranı Türkiyə ilə Rusiyanı toqquşdura bilər” – Ukraynalı ekspert

“Suriyada “müasir tipli ordu” yaradılmasında söz sahibi olmağa çalışan Rusiya qarşısında İranı görür”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətin Türkiyə ilə Rusiya arasında münasibətlərə təsirini dəyərləndirən ukraynalı politoloq Qriqori Mavrov deyib. Mavrovun sözlərin görə, maraqların toqquşması Türkiyə və Rusiyanı İdlibdə qarşı-qarşıya gətirə bilər:

“İdlib özlüyündə Rusiya ilə Türkiyə arasında ciddi məsələdir və Suriyada hələ ki, maraqlarını uzlaşdıra bilən bu ölkələrin münasibətlərinə təsir göstərmək imkanındadır. Bildiyiniz kimi, Rusiyanın Suriya ilə bağlı planlarının kökündə Bəşər Əsədin hakimiyyətini tam şəkildə bərpa etmək dayanır. Hazırda Suriyanın hökumət qüvvələri çox maraqlı “komplektləşmə”yə malikdir. Onun tərkibində Əfqanıstandan gələn muzdluları, “Hizbullah” döyüşçülərini və “səngər”i tez-tez dəyişən müxtəlif silahlı qruplaşmaları görmək olar. O baxımdan, Suriyada “müasir tipli ordu” yaradılmasında söz sahibi olmağa çalışan Rusiya qarşısında həmin ölkədə ciddi şəkildə möhkəmlənmiş İranı görür. İranın Suriya və bu ölkənin ordusu ilə əlaqədar fərqli planı var. Türkiyə ilə Rusiyanın mövqelərinin yaxınlaşmasında məhz bu məqam da ciddi rol oynayır. Bu yaxınlaşmaya təhlükə yaradan əsas amil isə, hər iki ölkəyə bağlı olan hərbi qruplaşmaların razılaşdırılmamış hərəkətləridir. Onların bəzi spontan qərarları Ankara ilə Moskvanı qarşılıqlı münasibətlərə yenidən baxmağa məcbur edə bilər. O halda, İranın Suriyada mövqeyi və təsir imkanları xeyli artacaq”.

Qafqaz Ömərov