İnsanın fiziki sağlamlığının qorunmasında idman aksesuarları, o cümlədən idman ayaqqabıları xüsusi yer tutur.
Fiziki hərəkətlərin yerinə yetirilməsində onlar bir növ insanı stimullaşdırır. Təbii ki, bu baxımdan onların keyfiyyətli olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, istifadə edilən idman ayaqqabıları keyfiyyətli materialdan hazırlanmalı, rahat olmalı, insanın ayağında əks reaksiya doğurmamalıdır. Lakin təəssüflər olsun ki, bütün hallarda bu tələblərə əməl olunmur və bununla da istehlakçıların hüquqları pozulur. Ona görə də istehlakçılara idman ayaqqabıları alarkən diqqət yetirməli olduqları bəzi zəruri məsələlər barədə məlumat vermək istəyirik.
İdman ayaqqabılarının kifayət qədər geniş çeşidləri mövcuddur. Bunlardan ümumi fiziki hazırlıq üzrə ketaları, yüngül atletika üçün ayaqqabıları, butsaları, ikiqat altlıqlı botinkaları, qaçış və s. üçün ayaqqabıları göstərmək olar. Bütün bu ayaqqabılar rezintekstilli tuflilər, rezintekstilli botinkalar və çimərlik rezin tuflilər kimi üç növdə qruplaşdırılır.
İdman ayaqqabılarının keyfiyyəti onların hazırlandığı altlıq, üzlük və içlik materiallardan və istehsal texnologiyasından asılıdır. Sözsüz ki, təbii dəri və gönlərdən hazırlanan və istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılar daha rahat və insan sağlamlığı üçün ziyansızdır. Hər şeydən əvvəl ayaqqabı hazırlanan material yüksək keçiriciliyə malik olmaqla, yüngül olmalı, istifadə zamanı insan səhhətinə və rahatlığına mənfi təsiri olmamalıdır. İdman ayaqqabılarının müxtəlif sahələrində yerləşdirilmiş materiallar eyni xassəyə malik olmalıdır. Hər cütə məxsus ayaqqabılar bütün hissələri, detalları forma, ölçü və təyinatına görə eyni olmalıdır. Eyni zamanda, bir cüt ayaqqabının tayları arasında hər hansı görünüş, forma, rəng və ölçü fərqinin olmamasına diqqət edin.
Bu malları alarkən onlarda sökük, qopma, yarıq formasında hər hansı bir qüsurun olmamasına, içlik materialına xüsusi diqqət yetirin. Yaxşı olardı ki, içində xüsusi tərlik olsun. Tərlik altlıqla bərabər səviyyədə olmalıdır. Əgər süni materialdan olan idman ayaqqabısı almısınızsa, heç olmasa, tərliyin təbii materialdan və ya parçadan olmasına əmin olun. Təbii materialdan hazırlanan tərlik sağlamlıq üçün əsas şərtdir. Nəzərə alın ki, istehsalında plastik materiallardan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar sağlamlığınıza böyük zərbə vura bilər. Ayaqqabını seçərkən həmişə ikisini də geyinib yoxlamaq lazımdır.
İdman ayaqqabısı seçərkən əsas meyar model və rəngdən öncə onun rahatlığı olmalıdır.
Ayağınızın anatomik quruluşuna uyğun gəlməyən, böyük və ya ayağınızı sıxan ayaqqabı almayın. Ən uzun barmağınızla ayaqqabının ucu arasında bir qədər boşluq olmasına diqqət edin.
Rezin və tekstil materiallı hissələrin bitişdiyi yerlər bütöv olmalı, qopma və aralanmalara rast gəlinməməlidir. İstifadə zamanı idman ayaqqabıları insanın dərisinə, barmaqlarına xələl gətirməməli, təhlükəsiz olmalıdırlar.