!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İdman Azərbaycan” 9 ili geridə qoydu

!Reklam – Yazi

Orxan Qasımbəyli

Avtobusda təsadüfən iki nəfər yaşlı qadının söhbətinə qulaq müsafiri oldum. Biri digərinə yeni televizor aldıqlarını söyləyirdi. Rəfiqəsinin “Niyə, sizin ki, yaxşı televizorunuz var?” təəccüblə dolu sualına xanım belə cavab verdi: “Əşşi, kişi bütün günü “İdman Azərbaycan”a baxır. Düzdür, bəzən mən də ona qoşulub maraqlı oyunları izləyirəm. Amma digər kanallara həsrət qaldığımızdan, ikincisini almalı olduq”.

Məncə, yaranmasından qisa müddət – cəmi 9 il – keçən televiziya üçün bundan böyük mükafat yoxdur. Çünki o, tamaşaçı auditoriyasını – əsl idman azarkeşini qazanıb. Dünənə qədər Türkiyə və Rusiya telekanalları vasitəsilə idman hadisələrini izləyənlər bu gün “İdman Azərbaycan”a baxmağa üstünlük verirlər. Səbəb isə sadədir. Əvvəla, yarışlar doğma dilimizdə şərh olunur. İkincisi, onun əməkdaşları öz işlərinin öhdəsindən böyük peşəkarlıqla gəlirlər.

Əlbəttə, “İdman Azərbaycan” tamaşaçı sevgisini və etimadını dərhal qazanmadı. Amma bu məqsədə çatmaq üçün Azərbaycan Televiziyasının rəhbərliyi bütün vacib addımları atdı.

Azərbaycan Televiziyası (AzTV) ölkə teleməkanının ilk cığır açanıdır, bu, öz yerində. Digər sevindirici hal odur ki, o, müstəqillik dövründə də yeni izlər qoyub. Bunların ən önəmlilərindən biri “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində ilk ixtisaslaşmış telekanalın – “İdman Azərbaycan”ın yaranması olub. Dəfələrlə deyilib, amma bir daha vurğulayardım ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “İdman Azərbaycan” bütün idmansevərlərə əsl hədiyyədir. Çünki tamaşaçı vəsait ödəmədən, şifrəsiz bütün yarışları və turnirləri izləyə bilir. “Azerspace-1” kosmik peyki vasitəsilə Avropa və Asiyaya yayımlanması isə “İdman Azərbaycan”ın əhatə dairəsini daha da genişləndirib. Təkcə bu qitələrdə yaşayan soydaşlarımız deyil, həmçinin qardaş Türkiyənin azarkeşləri də bəzi beynəlxalq yarışlara məhz “İdman Azərbaycan” vasitəsilə baxmaq imkanı qazanıblar.

2009-cu il fevralın 1-də 14 saatlıq yayımla ilk dəfə efirə çıxan “İdman Azərbaycan” artıq 2015-ci ilin payizindan 24 saatlıq yayıma başladı. Bu, Bakıda keçirilən I Avropa Oyunlarının böyük uğurla nümayiş etdirilməsindən sonraya təsadüf etdi.

“İdman Azərbaycan” deyəndə, dərhal futbol üzrə Milli komandamızım əhəmiyyətli görüşləri, Çempionlar Liqasının, İspaniya, İngiltərə və Almaniya birinciliklərinin oyunları, voleybol, həndbol, güləş, cüdo, boks, bədii gimnastika üzrə dünya, Avropa çempionatları və digər beynəlxalq turnirlər göz önünə gəlir. Buraya Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılmış I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula-1 Bakı Qran-Prilərini, Dünya Şahmat Olimpiadasını və sair yarışları da əlavə etdikdə mənzərə tamamilə aydınlaşır.

Bu illər ərzində “İdman Azərbaycan” ölkəmizdə idmanın bütün növlərinin əsl carçısına və təbliğatçısına çevrilib. Bu tendensiya “İdman xəbər”, “İdman həftəsi”, “Avrofutbol”, “Tay-brek”, “Flaqman”, “Favorit”, “Mərc meydanı”, “İdman sağlamlığın rəhnidir”, “Telefitnes”, “Oyunun hakimi”, “Top 10”, “İdman məbədi”, “Şahmat klubu”, “Debüt”, “İdman və media”, “Avropadan futbol”, “İdman qəzaları”, “İdman rekordları”, “İlin çempionu”, “Teleafişa” kimi veriliş və proqramlarda, tanınmış idman xadimlərinə həsr olunmuş sənədli filmlərdə, həftəlik telejurnallarda, icmallarda özünü bariz göstərir.

Azərbaycan Televiziyasında Valid Sənani, Aqşin Kazımzadə, Çingiz İsmayılov, Aydın Əliyev və digər telejurnalistlərin yaratdıqları şərhçi məktəbini hazırda Fikrət Adıgözəlov, Səyavuş Əliyev, Rəşad Rafiqoğlu, Tural Məmmədli, İsmayıl Abdullayev, Ramiz Mirzəzadə, Mümtaz Xəlilzadə, Tərlan Şahinoğlu, Nurlan Hacıyev, Əli Tağıyev, Ruslan Rüstəmov, İqbal Aslanov, Fərid Ramazanov, Fuad Quluzadə və digərləri böyük qürur və ləyaqətlə davam etdirirlər.

Mübaliqəsiz demək olar ki, müasir şərhçilərimiz hətta sələflərindən də irəli gediblər. Çünki müstəqil dövlətimizin inkişafı “İdman Azərbaycan”ın çoxşaxəli fəaliyyət göstərməsinə və şərhçilərimizin, eləcə də idman jurnalistikasının daha da püxtələşməsinə gətirib çıxarıb. Sovetlər dönəmində isə mötəbər yarışları yalnız Mərkəzi Televiziyanın Nikolay Ozerov, Vladimir Maslaçenko, Kote Maxaradze və digər icmalçıları şərh edirdilər. Azərbaycanlı şərhçilər yerli oyunlar çərçivəsində məhdudlaşdırılmışdılar.

Bu gün “İdman Azərbaycan”ın şərhçilərinin səsi artıq Avropanı yaxşı mənada heyrətləndirən, ölkəmizi isə qürurlandıran “Qarabağ” futbol klubunun çıxış etdiyi İngiltərə, İspaniya, İtaliya kimi ölkələrin iri stadionlarından eşidilir. Onlar Çempionlar Liqasının, İngiltərə, İspaniya, Almaniya çempionatlarının oyunlarını, müxtəlif idman növləri üzrə beynəlxalq yarışları şərh edir, rəngarəng veriliş və proqramlarda oyunların təhlilini aparır, tamaşaçılara dəqiq, müfəssəl və maraqlı məlumatlar verməyə çalışırlar. Hazırda isə şərhçilər Cənubi Koreyada keçiriləcək növbəti Qiş Olimpiya Oyunlarını işıqlandırmağa hazırlaşırlar. Bu mötəbər yarışların yayım hüququnu ölkəmizdə məhz “İdman Azərbaycan” əldə edib.

Yeri gəlmişkən bir məqama da diqqəti cəlb etmək istərdim. Axır zamanlar ədəbi dilin normalarına düzgün riayət olunması barədə geniş müzakirələr gedir. Bu istiqamətdə “İdman Azərbaycan”da görülən işləri qeyd etməmək qeyri-mümkündür. Onsuz da hər kəsə bəllidir ki, Azərbaycan Televiziyası və Azərbaycan Radiosu bir çox məsələdə, o cümlədən ədəbi dilimizin qorunması və inkişaf etdirilməsi səhəsində əksər media qurumlarına örnəkdir. Lakin son illərdə AzTV rəhbərliyinin qəbul etdiyi prinsipial qərarlar və işə düzgün yanaşma nəticəsində “İdman Azərbaycan”ın aparıçı və şərhçilərinin nitqi efirdə demək olar ki, qüsursuz səslənir. “İdman Azərbaycan”çilar həm ədəbi dilin normalarına riayət etməklə doğma dilimizə böyük hörmət göstərirlər, həm də əcnəbi mənşəli sözləri düzgün tələffüz edirlər.

Amma bəzən tənqid xatirinə çıxış edənlər bir çox idman növlərinin və buna müvafiq olaraq idman terminlərinin də xaricdən gəldiyini sanki unudurlar. Roma Papasından daha artıq katoliklik etmək fikrinə düşənlər şərhçilərimizə “aut” (topun meydandan çıxması), “arbitr” (hakim), “qolkiper” (qapıçı) və bu kimi sözlərin səsləndirildiyini irad tutmağa çalışırlar. Görəsən, onlar “futbol”, “voleyvol”, “həndbol”, “taekvando”, “karate”, “gimnastika” sözlərinin də alınma sözlər olduğunu bilirlərmi? Və yaxud onlar “ippon”, “vazari” (bəzi güləş növlərində terminlər)kimi sözlərin qarşılığını necə tapmaqı düşünürlər? Bəlkə bunların da səsləndirilməsi ədəbi dilin normalarının pozulması deməkdir?! Əslində, “İdman Azərbaycan”çılar həm idman terminlərindən, həm də onların doğma dilimizdəki mövcud qarşılıqlarından tam məqamında istifadə edirlər. Odur ki, digər telekanallarla müqayisədə onlara nəyisə irad tutmaq ən azı insafsızlıq və ədalətsizlikdir.

“İdman Azərbaycan”ın yaradıcı və texniki heyətlərinin gərgin və fədakar əməyini rəqəmlərdən də anlamaq olar. Məsələn, şərhçilər həftə ərzində 38 saatlıq canlı yayim aparırlar, hər gün azı 2 saat birbaşa yayımlanan verilişlərə çıxırlar.

Futbol üzrə UEFA Çempionlar Liqasının Bakida keçirilən oyunları zamanı isə “İdman Azərbaycan”çıların necə zəhmət çəkdiklərini yalnız diqqətli azarkeşlər görürlər. Amma onlar da bilmirlər ki, telekanalın 62 nəfərlik yaradıcı-texniki heyəti 3 gün öncədən stadiona “köçür”. UEFA-nın məsul rəsmilərinin nəzarəti altında üç gün qabaq stadionda Səyyar Televiziya Stansiyası (STS) qurulur və həmin vaxtdan etibarən yarış başlananadək stadionda hər gün heyətin məşqləri keçirilir. Oyundan sonra isə gecə saat 2-yə qədər STS və digər avadanlıqlar sökülüb daşınır. Bu zaman UEFA-nın nümayəndələri “İdman Azərbaycan”ın yaradıcı heyətilə oyunun çəkilişini təhlil edir və telekanalın konkret yayımla bağlı fəaliyyətinə qiymət verirlər. Onu da qeyd edək ki, UEFA “İdman Azərbaycan”ın yaradıcı-texniki heyətinin fəaliyyətini hər dəfə çox yüksək qiymətləndirib. Bunu həmin mötəbər qurumun bir dəfə Gürcustanda keçirilməli futbol oyununu çəkməyi “İdman Azərbaycan”a təklif etməsi də təcdiq edir. Lakin, işlərin çoxluğu səbəbindən, kanal bundan nəzakətlə imtina etməli olmuşdu.

Heç kim üçün sirr deyil ki, televiziya, xüsusilə də idman televiziyası, böyük maliyyə vəsaiti tələb edən qurumdur. Hər bir beynəlxalq yarışın yayım hüququ üçün məbləğ, təbii ki, xarici valyuta ilə ödənilir. Amma Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın misilsiz dəstəyinə və qayğısına güvənərək, xalqımıza idman sevinclərini və coşqusunu yaşatmaq naminə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov və onun komandası ən maraqlı yarışların yayım hüququnu almaqdan ötrü əlindən gələni edir. Bu yolda həm xalqımızın, həm də idmanın inkişafı üçün böyük addımlar atan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın etimadını doğrultmağa çalışır və buna nail olur.

9 yaşınız mübarək, əziz “İdman Azərbaycan”çılar!

www.yenicag.az

2038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv