“İdmançılarımızın qələbələrində psixoloqlarımızın əvəzsiz rolu var”

İnsan həyatını məqsədsiz təsəvvür etmək olmaz. Xüsusilə müəyyən peşə sahəsində çalışanlar daim vəzifədə irəli getmək, bilik və bacarıqlarını artırmaq istəyirlər.

Təmsil etdikləri ölkəni bütün dünyada tanıdan idmançılar da həmişə konkret hədəfə çatmağa can atırlar. Bu, həm məşq zamanı, həm də yarışlarda özünü göstərir. İdmançı çalışır ki, məşqçinin verdiyi tapşırığı nəinki dəqiq və vaxtında, həm də gözləniləndən daha yaxşı şəkildə yerinə yetirsin. Məqsəd isə böyük titullara sahib olmaq, Avropa, dünya, hətta Olimpiya çempionu adını qazanmaqdır. Yəni idmançı bu ali məqsədlərə çatmaq üçün dərk edir ki, əvvəlcə kiçik hədəfləri dəf etmək lazımdır. Axı birdən-birə heç kim olimpiada qızılına layiq görülməyib. Bu, böyük səbr, iradə və dözümlülük tələb edir. Sadaladığımız amillər isə birbaşa olaraq psixoloji vəziyyətlə bağlıdır. Yəni psixoloji durum qaydasında olmasa, səbr, iradə, dözümlülük də, şübhəsiz ki, yerli-yerində olmayacaq.

Sevindirici haldır ki, bu gün ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır. Yeniyetmə və gənclərimiz idmanın müxtəlif növlərinə maraq göstərir, bu və ya digər idman növü ilə məşğul olurlar. Şübhəsiz ki, bütün idmançılar kimi yeniyetmə və gənclərin, xüsusilə idmana yeni başlayanların fəaliyyətlərində psixoloji hazırlıq xüsusi yer tutur.

Yarış zamanı idmançıların hərəkətləri hücum, əks-hücum və müdafiə ilə təzahür olunur. Yəni onlar ya birbaşa hücum edir, ya rəqibin öz gücündən istifadə edərək əks-fənd tədbiq edir, ya da sadəcə müdafiə olunurlar. Maraqlıdır ki, bu davranış formalarının xarekterlə bir bağlılığı varmı?

Bəs, görəsən, hamı yaxşı idmançı ola bilərmi? Bunun üçün insanda hansısa xüsusi keyfiyyətlər olmalıdırmı? Psixoloji durumu yerində olmayan, illər əvvəl çox güclü sarsıntı keçirən və hələ də onun təsirində qalan idmançı çempion ola bilərmi?

Bu və bizi maraqlandıran digər suallara cavab tapmaq üçün psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Müşviq Mustafayevlə həmsöhbət olduq. Müşviq müəllim ilk növbədə yeniyetmə və gənclərin həyatında idmanın oynadığı mühüm roldan danışdı

– Müşviq müəllim, yeniyetmə və gənclərin mənəvi inkişafında idman hansı rola malikdir?

– Yeniyetməlik dövrü insan ömründə ən mühüm və mürəkkəb mərhələlərdən biri sayılır. İnsanın gələcək həyatı bir çox hallarda məhz yeniyetməlik dövründə atdığı addımlardan asılı olur. Bu mənada yeniyetməlik dövrü xüsusi həssaslıq, diqqət və valideyn nəzarəti tələb edən bir perioddur. Yeniyetmə və gəncin həyatı nə qədər sağlam, düzgün olarsa, bu, onun üçün bir o qədər yaxşıdır. Onlar günlərinin təqribən 20 faizini dərslərə sərf edirlər. Bəs, yerdə qalan boş vaxt? Axı yerdə qalan vaxt da necəsə keçməlidir. Bunun üçün yaxşı olar ki, şagird, tələbənin həvəs göstərdiyi, maraqlandığı bir və ya bir neçə məşğulliyyət sahəsi olsun. Məsələn musiqi ilə, rəssamlıqla məşğul olsunlar, dil öyrənsinlər. Bunlar arasında idmanla məşğul olmaq xüsusi yer tutur. Yeniyetmə və gənclər saat yarım, iki saat zallarda idmanın hansısa növü ilə məşğul olurlar. Əlbəttə, enerji sərf olunur. Ona görə də nə olursa olsun, evə gəlib dincəlməyə, itirilmiş enerjini bərpa etməyə çalışırlar. Nəticədə bəzi həmyaşıdlarından fərqli olaraq tüfeyli həyat tərzindən, zərərli vərdişlərdən uzaq olurlar. Bu isə asudə vaxtın səmərəli keçirilməsi deməkdir. İdmanla məşğul olmağın növbəti müsbət cəhəti isə insanın xarakterində, davranışında özünü göstərir. Müşahidələr göstərir ki, idmanla məşğul olanlar daha möhkəm xarakterli, qətiyyətli, həmçinin köməksevər olur, böyük-kiçik yeri bilir, öz hərəkətlərində nizam-intizamı, səliqəni gözləyirlər. Bu, çox yaxşı haldır. Təcrübəmdən bir faktı deyim, bəzən qrupda görürsən ki, tələbələrdən bir qismi digərlərindən fərqlənir-dərsə heç vaxt gecikmir, səliqəli geyinir, zərərli vərdişlərdən istifadə etmir, nizam-intizam qaydalarını gözləyir və s. Sonradan məlum olur ki, həmin gənclər peşəkar idmanla məşğuldurlar. Bu mövzuda bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm: insanın tək olanda etdiyi davranışlarla, kollektiv arasında olan davranışları çox zaman üst-üstə düşmür. Bu, psixoloji təsir vasitələri ilə, daha dəqiq desək, təqlidlə bağlıdır. İnsan müəyyən qrup arasında olarkən istər-istəməz ətrafdakıların etdiyini edir. Məsələn, biz ekran qarşısında futbol matçlarını çox rahat, stadionda isə böyük coşğu, emosiya ilə izləyirik. Lakin çalışmaq lazımdır ki, təqlid edəndə də mümkün qədər müsbət halları təqlid edək və hansı kollektivə düşdüyümüzü dərk edək.

– Bildiyimiz kimi, idmançılar yarışa fiziki, texniki-taktiki və psixoloji istiqamətdə hazırlaşırlar. İdmançıların qələbələrində psixoloji hazırlığı necə qiymətləndirirsiniz?

– İlk növbədə onu deyim ki, idmançının həmişə qələbə arzulaması heç də təsadüfi deyil. Bu xüsusiyyət təkcə idmançılara yox, bütün insanlara aiddir. Hər birimiz istəyərik ki, çəkdiyimiz əziyyətin qarşılığını görək. Gündəlik həyatımızda qarşımıza müəyyən məqsəd qoyaraq ona çatmaq üçün əzmkarlıqla çalışırıq. Psixologiyada bu hal xoşxassəli aqressiya ilə müşahidə olunur. Əlbəttə, xoşxassəli aqressiya idmançılara da şamil olunur. Onlar həmişə qalib olmaq istəyir, qələbə üçün çalışırlar. Çox idmançı təsdiqləyə bilər ki, onların bəzi çıxışları, qələbələri heç bir çətinlik çəkmədən, asanlıqla başa gəlir. Məsələn bəzən basketbolçu çox rahatlıqla topu səbətdən keçirir, atıcı bütün güllələri “12”yə vurur, boksçu rinqdə elə hərəkət edir, zərbələrdən o qədər ustalıqla yayınır ki, elə bil, qarşısındakı idmançı deyil. Əslində bunların hamısı düzgün hazırlığın gətirdiyi özünəinamla bağlıdır. İdmançının qələbəsi isə daha çox hücum taktikası ilə mümkün olur. Yəni hücuma daha çox meyilli olanlar, müdafiə mexanizmini tədbiq edənlərə nisbətən daha çox qalib olurlar ki, bu da tam təbiidir. Hətta belə deyirlər ki, inam qələbənin yarısıdır. Doğrudan da, idmançının elə ilk dəqiqələrdən hücum etməsi onun özünə olan inamından xəbər verir və bu, çox vaxt qarşı tərəfə psixoloji mənfi təsir edir. Ona görə də o, uduzur. Bəzən isə idmançılar öz arzularına çatmırlar. Bu, bir sıra hallarda məhz psixoloji durumun qaydasında olmaması ilə bağlıdır. İdmançının rəqiblə qarşılaşan zaman üzündə yaranan emosiya, o cümlədən gözlərdəki ifadə artıq çox şeydən xəbər verir. Bəzən rəqibin sadəcə, zahiri görkəmi, bəzən isə statusu qarşı tərəfdə qorxu yaradır. Ancaq bu, rəqiblə yox, qorxan idmançının özü ilə bağlı olan məsələdir. Belə ki, həmin idmançıda özünüqiymətləndirmə aşağı olur. Əgər idmançı özünü və düşdüyü situasiyanı düzgün qiymətləndirə bilmirsə, onun uduzmağı heç də təəccüblü deyil. Bu vaxt psixoloqlar idmançının köməyinə gəlməlidirlər. Onlar xüsusi açar sözlərdən istifadə etməklə idmançıya özünəinam hissi aşılamalıdırlar. Məsələn, psixoloq bir idmançı ilə onun rəqibini müqayisə edərək deməlidir ki, siz bərabər gücdəsiniz. “Hər ikinizin iki ayağı, iki əli, bir başı var. Hər ikiniz şüurlu və bacarıqlısınız”, – kimi sözlər əksər hallarda yardıma çatır. Həm qələbə, həm də məğlubiyyət birbaşa psixoloji faktorla bağlı olan məsələlərdir. Amma bir şeyi yadda saxlamaq lazımdır ki, özünəinamla lovğalığı eyniləşdirmək qətiyyən düzgün deyil. Lovğalıqla qələbə qazanmaq olmaz.

– Yarış zamanı idmançıya dəstək olmaq çox mühüm məsələdir. Bununla isə çox vaxt məşqçi-müəllimlər məşğul olur…

– İnsan çox mürəkkəb varlıqdır. Təsadüfi deyil ki, psixoloqlar peşə fəaliyyətlərinə başlamamışdan əvvəl xüsusi kurslar keçirlər. Yəni deməyim odur ki, hər kəs psixoloq ola bilməz. Ümumiyyətlə hərənin öz işi olmalıdır. Psixoloq məşq keçə bilmədiyi kimi, məşqçi də psixoloq rolunda uğurlu ola bilməz. Sadəcə, məşqçi-müəllimlər yeniyetmə-gənclərlə çox işlədiklərinə görə bəzi hallarda onlarla uğurlu profilaktik söhbətlər apara bilərlər. Bu isə hələ psixoloji hazırlıq demək deyil. Onda psixoloq nəyə lazımdır ki? Təsadüfi deyil ki, Qərbdə bu sahəyə xüsusi diqqət göstərilir. Xüsusilə böyük yarışlar ərəfəsində komandalara təcrübəli psixoloqlar dəvət edilir. Hətta ayrıca bir idman psixologiyası sahəsi var. Belə ki, hər psixoloq da idmançı ilə işləyə bilməz. Bunun üçün onun idman sahəsində olması məqsədəuyğundur. Bu tendensiya yavaş-yavaş ölkəmizdə inkişaf edir. Həm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirənlər, həm də psixologiya təhsili alanlar bu sahə, yəni idman psixologiyası üzrə çalışa bilərlər. Çox sevindirici haldır ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bu gün həm də psixologiya ilə bağlı xüsusi sahə tədris olunur. Hazırda idman psixoloqu kimi fəaliyyət göstərən mütəxəssislərimiz kifayət qədərdir və onların sayı artmaqdadır. Bu, olduqca yaxşıdır. İdmançılarımızın qələbələrində psixoloqlarımızın əvəzsiz rolu var.

– Bəs məşqçi-idmançı münasibətləri necə tənzimlənməlidir?

– Tərəflər arasındakı münasibəti psixologiyanın geniş və vacib bir hissəsi olan “şəxsiyyətlər arası münasibətlər” öyrənir. Şəxsiyyətlər arası münasibətlər tərəflərin cəmiyyətdə oynadığı rola, tutduğu statusa görə dəyişə bilər. Həm valideyn-övlad, həm də məşqçi-idmançı münasibətlərində vəziyyət təxminən eynidir. Böyüklər həmişə nələrisə deyir, məsləhətlər verirlər. Ancaq bu, azdır. Necə olmaq lazımdırsa, məşqçi də, valideyn də özü ilk növbədə elə olmağa çalışmalıdır. Məsələn, əgər məşqçi özü məşqə gecikirsə, tələbəsindən tez gəlməyi necə tələb edə bilər? Bu, nəinki düzgün deyil, həm də ədalətsizlikdir. Bəzən bizim dediklərimizlə etdiklərimiz üst-üstə düşmür. Bu isə nümunə olduqlarımız üçün problemlə nəticələnir, onlar ziddiyyət qarşısında qalırlar. Ümumiyyətlə belə bir hal var ki, uşaq və yeniyetmələr çox vaxt böyüklərin hərəkətlərini təqlid etməyə çalışırlar. Ona görə də çalışmaq lazımdır ki, onları düzgün istiqamətə yönəldək. İkinci bir tərəfdən isə biz bəzən uşaqlarımıza, tələbələrimizə “olmaz” deyərək nəyi isə qadağan edirik. Əslində bu da düzgün deyil. Təcrübələr göstərir ki, “olmaz”lar uşaqları daha çox cəlb edir. Ona görə də həmin “olmaz”ın nəticəsini əyani şəkildə göstərmək lazımdır. Müəllimlə tələbə arasında müəyyən pərdənin olmasının tərəfdarıyam. Ancaq idmançı məşqçisindən o qədər çox qorxmamalı, müəllim onu ağır formada cəzalandırmamalıdır. Bu, illərlə keçməyən travmalara səbəb ola bilər. Mütəfəkkirlər müəllimlə tələbə arasındakı bu münasibətə “qızıl orta” deyirlər. Həmin “qızıl orta”nı tapanda nəticələr də yaxşı olur. İdmançının öz müəlliminə inanması da olduqca vacib məsələdir. Təsadüfi deyil ki, inam psixoloji təsir vasitələrindən biri hesab olunur. Məşqçi elə etməlidir ki, idmançı həm müəlliminə, həm də özünə inansın. Amma bu, təlqindən fərqli olaraq məntiqi arqumentlərə əsaslanmalıdır.

– Bəzən elə olur ki, idmançı bir məğlubiyyətə görə depressiyaya düşür. Əgər idmanda məğlubiyyət qaçılmazdırsa, necə etmək olar ki, idmançı depressiyaya düşməsin. Axı bu, onun sonrakı karyerasına mane ola bilər…

– Depressiyaya düşmək o qədər də qorxulu deyil, əsas odur ki, depressiyadan çıxmağı bacarasan. Psixoloqlar depressiyanı “ruhun soyuqdəyməsi” adlandırırlar. Bu, ona görədir ki, depressiya hər insanda ola bilər, lakin onu dəf etməyi də bacarmaq lazımdır. Etiraf etməliyik ki, idmançının depressiyaya düşməsi o qədər də arzuolunan deyil. Çünki o, bir yarışdan 20 gün sonra başqa bir yarışda gücünü sınaya bilər. Həmin müddət isə depressiyanı aradan qaldırmaq üçün o qədər də çox deyil. Bunun üçün ilk növbədə məğlubiyyətin səbəbləri müəyyənləşdirilməlidir. Nəticədə iki variant ola bilər. Birincisi odur ki, idmançının bu sahəyə həvəsi çox olsa da, potensialı yoxdur. İkinci halda isə ola bilsin ki, idmançıda potensial olsa da, bu, lazımi səviyyədə deyil. Belə vəziyyətlə üzləşən idmançılara məsləhət görərdim ki, valideynlərinin köməkliyi ilə özlərinin bacarıqlarını müəyyənləşdirsinlər və həvəsləri olan istiqamətdə həmin qabiliyyətlərindən istifadə etsinlər. Məsələn, ola bilsin ki, kiminsə idmana həvəsi olsa da, yaxşı idmançı olmaq üçün potensialı yoxdur. Ancaq yazmaq qabiliyyətinə malikdir. Bu zaman o, idman jurnalistikasında özünü sınaya, mövcud potensialını burada daha yaxşı istifadə edə bilər və inanıram ki, bu, uğurlu olacaq. Unutmamalıyıq ki, hər bir insan onu digərlərindən fərqləndirən müəyyən xüsusiyyətlərə malikdir. Əsas məsələ həmin “sirr”i ortaya çıxarmaq və ondan yararlanmağı bacarmaqdır.

Kənan Novruzov

COP29