Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.
Yenicag.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.
Üzvlərdən Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib.
Murad Süleymanov da mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb.
Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz noyabrın 18-də bürünc medal görüşünə çıxıb. Qarşılaşma boyunca kanadalı rəqibinə aman verməyən Süleymanov vaxtından əvvəl qalib gələrək, dünya 3-cüsü olub.