İdxaldan asılılığı artan MEYVƏ-TƏRƏVƏZ BAZARI: “Sahibkaralara qarşı maneələr və bürokratik əngəllər…”
“Bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin qeyd olunan sahəyə diqqət yetirməməsinin nəticəsidi”.
Bu fikirləri yerli meyvə-tərəvəz məhsulları bazarındakı mövcud vəziyyəti və qiymətlərin uyğunluğunu dəyərləndirən kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əhalinin sosial vəziyyəti yaxşılaşmadığı üçün həmin məhsullara tələbat nəinki artmayıb, əksinə, azalıb:
“Bahalaşma əvvəlki illərlə müqayisədə təbii ki uyğun deyil. Ümumiyyətlə, bahalaşma prosesinin ildən-ilə intensivləşdiyi müşahidə olunur və o baxımdan, hər ilin sonuna doğru meyvə-tərəvəzlərin qiyməti artır. Çünki payızlıq meyvə-tərəvəzlərin artıq yay başa çatmadan azaldığını görürük.
Bu həm də ölkədə meyvə-tərəvəz istehsalının azalmasının göstəricisidir. Çünki bu məhsulların ixracında da hər hansı artım yoxdur ki bahalaşmanı onunla əlaqələndirə bilək. Əksinə, ixrac göstəricilərində də azalma qeydə alınıb. Bütün bunları nəzərə aldıqda, ölkədə meyvə-tərəvəz bolluğu və qiymətlərin ucuzlaşması baş verməli idi.
Lakin bahalaşmanın davamlılığı onu göstərir ki, əhalinin sosial vəziyyəti yaxşılaşmadığı üçün həmin məhsullara tələbat nəinki artmayıb, hətta azalıb. Dediyim kimi, bunun da əsas səbəbi yerli istehsalın azalmasıdır. Belə bir vəziyyətin yaranması isə sahibkar və fermerlərin bazara çıxışında ciddi maneələrin olması ilə bağlıdır.
Eyni zamanda, toxumun və müxtəlif zəruri xidmətlərin bahalaşması, o cümlədən, bir çox ərazilərdə suvarma sisteminin olmamasında ifadə olunan bahalaşma təsərrüfatları sıradan çıxarır. Nəticədə istehsal azalır və idxaldan asılılığımız artır.
Bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin qeyd olunan sahəyə diqqət yetirməməsinin nəticəsidir. Yerlərdə sahibkaralara qarşı maneələr, korrupsiya halları, bürokratik əngəllər, subsidiyaların verilməsində yaşanan neqativ nüanslar hələ də aradan qaldırılmayıb. Çünki bu sahədə düzgün və effektli idarəetmə sistemi qurulmayıb”.
Yusif Səmədzadə