İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat yayıb.
Yenicag.az xəbər verir ki, bəyanatda deyilir:
“Azərbaycan hökumətinin dəvəti ilə 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisini izləmək üçün İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti göndərilib.
Seçki ölkənin hər yerində keçirilib. İƏT heyəti seçkinin hər üç mərhələsini – səsvermədən öncə hazırlığı, səsvermə gününü və səslərin sayılmasını – müşahidə edib. Heyət, həmçinin, aidiyyəti qurum və partiyalarla görüşüb və səsvermənin gedişi ilə bağlı məlumat alıb. İƏT heyəti monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin siyasi və vətəndaş hüquqlarından istifadə etmək üçün yüksək fəallığı ilə keçirildiyini qeyd edib”.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkisində liderlik edir.