II Fəxri Xiyabandan yığışdırılan Türkiyə BAYRAQLARI: “Səbəb nə olursa-olsun…” – ETİRAZ

“Mən həmin tapşırığı kimin və nə məqsədlə verdiyini bilməsəm də, bunun doğru addım olmadığını düşünürəm”.

Bu fikirləri II Fəxri Xiyabanda Türkiyə bayraqlarının anlaşılmaz qaydada yığışdırılmasına münasibət bildirən Milli Dİrçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

MDHP sədrinin fikrincə, Fəxri Xiyabandan Türkiyə bayraqlarının yığışdırılması çox yersiz addımdır:

“Azərbaycan və Türkiyə artıq əksər məsələlərdə ortaq davranış nümayiş etdirir.

Azərbaycanla Türkiyə bütün sahələrdə, o cümlədən döyüş meydanında da bir yerdədirsə, şəhidlərimizin uyuduğu yerdə Türkiyə bayraqlarının asılması kimə mane olur ki?

Mən həmin tapşırığı kimin və nə məqsədlə verdiyini bilməsəm də, bunun doğru addım olmadığını düşünürəm. Cənab Ərdoğanın da dediyi kimi, əgər mövqelərimizi ortaq müəyyənləşdiririksə, birgə ordunun qurulmasından, xarici siyasətimizi koordinasiya etməkdən və imkanları birləşdirməkdən söhbət gedirsə, belə hadisələr Türkiyədə də qıcıq yarada bilər.

Qardaş ölkədə olarkən bir çox rəsmi və qeyri-rəsmi yerlərdə, müxtəlif binalarda Azərbaycanla Türkiyə bayraqlarının yanaşı asıldığını müşahidə etdim. Fəxri Xiyabandan Türkiyə bayraqlarının yığışdırılmasına nə izahat verirlərsə-versinlər, bu çox yersiz addımdır. Bunu çox qabartmaq istəməsəm də, deməliyəm ki, belə addımlar atarkən son dərəcə diqqətli olmaq lazımdır”.

A.Zeynalov