İki böyük öndərin – Atatürklə Rəsulzadənin məzarları ziyarət edildi: FOTOLAR

Ankarada səfərdə olan Azərbaycanlı jurnalistlər Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə işgüzar səfərdə olan azərbaycanlı jurnalistlər iki böyük öndərin – Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.

Jurnalistləri Mustafa Kamal Atatürkün məzarının – “Anıtkabir”in komandiri polkovnik Hakan Osman Sərt qarşılayıb. Azərbaycanın əldə etdiyi Qarabağ Zəfəri münasibətilə jurnalistləri təbrik edən Hakan Osman Sərt savaşda şəhid olanlara Allahdan rəhmət diləyib.

“Sizlərin Böyük Zəfərdən sonra burada olmağınız bizi, həqiqətən, sevindirir. Sizin qələbənizə hər bir Türkiyə vətəndaşı ürəkdən sevindi. Mən özüm də Azərbaycanda xidmətdə olmuşam. Azərbaycan bizim üçün əziz məkandır,” – deyə polkovnik Sərt qeyd edib.

Jurnalistlərə Atatürkün fəaliyyəti və onun uyuduğu “Anıtkabir”in tarixi haqqında geniş məlumat verilib.

Jurnalistlər daha sonra Azəraycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Ankaranın “Asri” qəbiristanlığındakı məzarını ziyarət ediblər. Böyük öndərin ruhuna dualar oxunub, vəfat edərkən son sözü “Azərbaycan” olan Rəsulzadəyə “Vətən salamı” çatdırılıb.

 

Aqil Bəkir/ Ankara