İki dəfə ailə quran aktrisadan İNANILMAZ ETİRAF: “O qadın yuvamı dağıtdı”

Çoxları onu “Bacanaqlar” serialında Talehin ikinci həyat yoldaşı Xəyalə kimi tanıyıb sevib. Sonradan digər filmlərdə və seriallarda oynadığı obrazlarla diqqət çəkib.

Cazibədar aktrisa Aysel Nazimin Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

Aktrisa şəxsi həyatı ilə bağlı heç yerdə söyləmədikləri gizlinlərdən də danışıb.

– Subay, cazibədar xanımsan, sevgi etirafları çox olar yəqin?

– Əlbəttə olur. Qadin sevgi ilə qoşa yaranır. Bu, həyatın qanunudur. Sevilmək gözəldir, əlbəttə ki, bunu hiss etmək, eşitmək hər qadına xoş gələr.

– Necə bir kişi ilə ailə qurmaq istərdin?

– Aramızda mütləq böyük sevgi yaşanmalıdır. Eyni zamanda, ailə quracağım kişi çox güclü olmalıdır. Mən zəifliyi qadına heç yaraşdırmıram, o ki qaldı kişi ola. Onun sevgisinə və sədaqətinə güvənməliyəm.

– Kişilərdə bəyənmədiyin xüsusiyyət hansıdır?

– Xəsislik. Kişi comərd olmalıdır. Pinti və sırtıq kişiləri də xoşlamıram.

– Səncə, niyə kişilər ağıllı qadını sevmirlər?

– Ağıllı kişi ağıllı qadını sevmirsə, deməli özü də ağıllı deyil.

– Sərt xanımsan?

– Xanımlara zəriflik yaraşır, amma yeri gələndə sərt də ola bilirik. Həddən artıq tələbkaram, çünki nə istədiyimi bilirəm.


– Tənqidə münasibətin necədir?

– Tərif kimi tənqid də lazımdır. Amma təhqirə keçmək olmaz. İndiyə qədər təhqirlə rastlaşmamışam, amma sərt tənqid olub, incimişəm.

– Bəlkə bizə də deyəsən, nəyə görə irad tutmuşdular?

– Tanıyanlar bilir ki, getdiyim yerə uyğun geyinənəm, amma bir dəfə qısa ətəyimə görə mənə irad tutdular, bu da xoşuma gəlmədi.

– Üzünə dedilər, yoxsa?

– Yox, sosial şəbəkədə yazdılar.

– İstədiyin qədər qonorar versələr açıq-saçıq səhnələrə çəkilərsən? Çünki bir çox həmkarların belə səhnələrdən imtina edir…

– Düşünürəm ki, aktrisa hər cür rolu oynamağı bacarmalıdır. Təbii ki, ssenarini oxuyub, özünü o rolda görürsə, niyə də olmasın ki? Amma əgər aktrisa pula görə hansısa açıq-saçıq rola razılıq verirsə, bu artıq sənət yox, alver olur. Belə şey yolverilməzdir.

– Səncə qadının gücü nədədir?

– İradəsində. Mən iradəli və güclü qadınam. Nə istədiyimi bilirəm. Həm özümə, həm də ətrafıma qarşı tələbkaram.

– Ətrafındakılara nəyi bağışlamazdın?

– Xəyanəti əsla bağışlamıram. Bağışlayanlara da hörmətim yoxdur.

– Səni nə depressiyaya sala bilər?

– Nə qədər ki, əlimin altında qəhvəm və şokaladım var, heç nə məni depressiyaya sala bilməz.

-Şirinliyin nədəndir bəs?

– Öz aramızdır, acı şokalad daha dadlı olur, həm də nadir halda tapılır.

– Deyirsən yəni sənə “acı şokolad” deyirlər?

– Yox, zarafat sevən deyiləm, mən özüm bənzətdim, kiminsə məni nəyəsə bənzətməyə cəsarəti çatmaz. Belə məsələdə çox sərtəm.

– Şayiələrə də reaksiyan sərt olur ?

– Bar verən ağaca daş atan çox olar. Göz önündə olan insanlar haqqında həmişə şayiələr danışılıb. Bir şərtlə ki, insanın şəxsiyyətinə və heysiyyətinə toxunmasınlar.

– Bəs haqqında yayılan hansı xəbər səni üzmüşdü?

– Boşanma xəbərim. Çox pis olmuşdum, çünki istəmirdim yayılsın, bu xəbəri mediadan gizlədirdim.

– Niyə?

– Çünki xəbər çeynənəcəkdi.

– Daha keçib, bəlkə səbəbi də açıqlayasan, niyə ayrıldınız ki?

– Səbəbkar qayınanam oldu. Onunla bacara bilmədim. Təsəvvür edin, dörd oğlu var, üçü boşanıb, birinin də günü gün deyil. Küsüb-barışmalar çox oldu. Doqquz illik evlilik müddətində iki dəfə rəsmən evlənib, boşandıq.

– İndi onunla münasibətiniz necədir?

– Keçmiş həyat yoldaşımla bir-birimizə hörmətlə yanaşırıq. Görüşürük, danışırıq. Çünki bir oğlumuz var. Amma son nöqtəni qoydum, çünki anasına qarşı çox zəif idi. Axırda bezdim, ürəyimdəki sevgini onun xasiyyətindəki zəiflik bitirdi.
Cəvahir Səlimqızı
Yeniçağ.az