İki gün geomaqnit qasırğası olacaq

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə edilib. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yerin yaxınlığından keçəcəyi proqnozlaşdırılır.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, mayın 4-dən 6-dək Günəş aktivliyinin davam edəcəyi üçün M (R1-R2 mülayim orta – radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur. Həmin günlər üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksəksürətli axınların təsiri hiss olunacaq.

Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14:00-dək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.

Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksək sürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.

COP29