İki günlük küçəyə çıxmaq qadağası qüvvəyə mindi

Bu gün saat 00.00-dan etibarən iki gün müddətində Azərbaycanın dörd şəhər və bir rayonunda sərt karantin rejimi tətbiq olunur.

Yenicag.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” iyunun 4-də qərar verib.

8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

“Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq”, – Operativ Qərargahdan bildirilib.