Dövlət Sərhəd Xidmətinin hərbçilərini qətlə yetirən İran vətəndaşının zərərsizləşdirilməsi ilə bağlı rəsmi açıqlama verilib.
“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin yayadığı birgə məlumata görə, mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən 2 hərbi qulluqçunun həlak olması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.
İstintaq zamanı cinayət hadisəsinin iştirakçılarından biri – İran İslam Respublikasının vətəndaşı Həsənəli Bərgi təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Bu gün saat 10 radələrində DİN-nin Daxili Qoşunlarının və DSX-nın əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayət hadisəsinin digər iştirakçılarından biri – İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonu ərazisində gizləndiyi yer müəyyən edilmiş, sonuncu təslim olmayaraq, silahlı müqavimət göstərdiyindən hərbi qulluqçularımız tərəfindən silah tətbiq edilməklə zərərsizləşdirilmişdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə keçirilmiş baxış zamanı 1 ədəd “AK 74” silahı, onun komplekt hissəsi – içərisində 20 ədəd patronu olan 1 ədəd daraq, odlu silaha aid gilizlər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq götürülmüş, Əllahbəxş Ağayinin meyitinin xarici və daxili müayinəsinin keçirilməsindən ötrü məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur.
Hazırda cinayətin digər iştirakçısının şəxsiyyətinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, habelə işin digər hallarının araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
***
11:11
Mayın 15-də Azərbaycan sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib.
Yenicag.az xəbər verir ki, silahlı insidentdən sonra iki İran vətəndaşı hadisə yerindən qaçaraq Azərbaycan ərazisində gizləniblər.
Dünən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşının birinin yerini müəyyən edib. Həmin şəxs tutulacağını bildiyi üçün təslim olmayaraq silahlı müqavimət göstərib. Ona görə DİN Daxili Qoşunlarının əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdiriblər.
Digər şəxsin axtarışları davam etdirilir.
Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.