“İki il namazda Allaha yalvarıb ki, əli mənə çatsın” – Oliqarxdan Afaqa evlilik təklifi – MÜSAHİBƏ

Cazibədar müğənni Afaq Aslanın Yenicag.az saytına müsahibəsi.

 

– Ukraynada keçirilən gözəllik yarışmasında qalib olmağın çoxlarını yerindən oynatdı…

– Oynatdı da sözdür?! Hələ Ukraynada olanda mənə nə qədər zənglər gəlirdi ki, Afaq, nə qədər paxıllığını çəkənlər var, hamı səni müzakirə edir. Tanımadığım adamlar çıxıb özünü adımla reklam edirmiş. Hansı ki, mən heç tanımadığım adamları müzakirə etmirəm. Afaq çoxlarının yuxusunu ərşə çəkir, böyük daş olub, düşüb onu istəməyənlərin başına. Bu yarışma əslində, mənim üçün böyük uğur oldu. İtaliyadan da gözəllik yarışmasına qatılmaq üçün təklif almışam.

– O qədər ölkənin gözəlləri arasında nəylə fərqləndin ki, qalib oldun?

– Orda 23 ölkənin gözəlləri iştirak edirdi. Finala 9 ölkə qalmışdı. Mən səhnəyə çıxanda hamının ağzı açıq qalmışdı. İnanmırdılar ki, azərbaycanlıyam, elə bilirdilər qarışığım var. Mən onlara görünüşümlə və sözlərimlə başa saldım ki, bizim qızlar dünyanın ən gözəl qızlarıdır. Bu mövzuda çox iddialıydım və sübut da etdim ki, bəli, Azərbaycan qızlarının gözəlliyinə gözəllik çatmaz.

– Çox cəsur pozada fotoların yayılır. Hətta bəziləri deyir ki, Afaqın bədəni fotoşopdur.

– Bir qadının açıq-saçıq geyinməsi özünə olan güvənindən irəli gəlir. Əgər bədənimdə gizlədiləsi qüsurum olsa, bunu geyimlə ört-basdır edərəm. Əgər qüsursuz bədənim varsa, bunu niyə də nümayiş etdirməyim? Müğənni səhnəyə çıxanda birinci göz oxşamalıdır, ikinci isə səsi ilə ürəkləri ovsunlamalıdır. O, əgər zövqsüz geyimdə və makiyajda, kök bədəni ilə səhnəyə çıxıb, mükəmməl ifa da nümayiş etdirsə, xeyri olmayacaq. Bu sənətə gələndə düşünürdüm ki, insanlar mənim həm də gözəlliyimə baxıb zövq almalıdır.

 

– Türkiyə prezidenti Ərdoğanla da fotoların yayıldı…

– Hansı ölkəyə gedirəmsə, atom bombası kimi düşdüyüm yeri partladıb geri qayıdıram. Elə dostlarım da mənə bunu deyir. Türkiyəli rejissorlardan film çəkilişləri üçün dəvət almışdım. Bu məqsədlə İstanbula getdim. Bu səfər referendum ərəfəsinə təsadüf etdi. Mənə sual verdilər ki, kimə səs verərdiniz? Dedim ki, Ərdoğanı dəstəkləyirəm. Gecə yatdım, səhər durub gördüm ki, bütün xəbər portalları məndən yazıb. Mən Ərdoğanın yürütdüyü siyasəti dəstəkləyirəm. Onun dik duruşunu çox bəyənirəm. Bir siyasətçi olaraq çox xarizmatikdir, milləti və xalqı arxasınca apara bilir.

– Siyasətdən başın çıxır deyəsən. Birdən müğənniliyi atıb, siyasətə keçərsən?

– Dostlarım çox vaxt mənim danışığımı dinləyib deyirlər ki, Afaq, sən daha çox siyasətçi kimi danışırsan.

– Özünü millət vəkili kimi görürsən?

– Niyə də yox? Nə bilmək olar, bəlkə elə gələcəkdə şou-biznesdən gedib, millət vəkili oldum?! Niyə elə siyasətlə kişilər məşğul olmalıdır, qoy elə biz qadınların da sözü daşdan keçsin. Məsələn, mən birinci ledi Mehriban Əliyevanı çox bəyənirəm. O, mənim üçün nümunədir. Amma siyasət mövzusunda çox dərinə getməyək.

– Özündən yaşca böyük iş adamı, yaxud da məmur sənə evlilik təklifi etsə, razılaşarsan?

– Qoy sənə bir sirr açım. Mən öz yaşıdlarımla münasibət qurmamışam, qurmaram da. Onlarla nə fikirlərimiz üst-üstə düşür, nə də intellektual dünyagörüşümüz. Gənc oğlanların əksəriyyətinin düşüncəsi, həyata baxışı sıfır səviyyədədir. Oturub yalnız atasının pulundan, avtomobilinin markasından, brend geyimlərindən danışır. Özümdən 15-20 yaş böyük insanlarla daha yaxşı anlaşırıq.

– Gözəl xanım hər zaman kişilərin diqqət mərkəzində olur. Kimsə sənə məşuqəsi olmaq üçün təklif etdimi?

– Ay qız, məşuqə nədir, kişilər yalvarır ki, arvadım ol. Bəzən deyirlər ki, filankəs açıq-saçıq geyinir, ondan kişiyə arvad olmaz. Amma mənim bəxtim gətirib. Uzun müddət mənə fanatlıq edən kişilər evlilik təklifi edir. Adını çəkməyəcəm, iki məşhur oliqarxdan evlilik təklifi almışam. Hətta biri ayağını dirəyib ki, bu gün “hə” desən, sabah elçilərlə üzük göndərəcəm. Deyir sənə ev, avtomobil alım, biznesimi adına keçirim, Moskvaya gəl, otur biznesimi idarə et.

– Bu şansı niyə əlindən verirsən ki?

– Çox qısqanc adamdır. Deyir evlənsək, şou-biznesdən uzaqlaş, istəmirəm arvadım toyda, millətin qabağında oxusun, hamı ona baxsın. Mənə deyir ki, sən çox seksual qızsan, inanmıram səni arzulamayan kişi olsun. Məni Azərbaycanda olan oliqarxlara, məmurlara, iş adamlarına qısqanır. Deyir, əminəm ki, onlar hamısı səninlə görüşmək arzusundadır, amma mən sənə məşuqə gözüylə baxmıram, demirəm ki, birgecəlik yatağıma gir, yaxud da səni ikinci arvad kimi saxlayım. Adam mənimlə rəsmən evlənmək istəyir.

– Subaydır?

– Arvadından boşanıb, bir oğlu da var. Namazqılan adamdır. Namaz üstündə 2 il Allaha yalvarırmış ki, əli mənə çatsın. Düz 2 il məni izləyib. Məndə də belə xasiyyət var ki, əli mənə asanlıqla çatan kişiləri xoşlamıram. Adam mənimlə görüşmək üçün illərlə əziyyət çəkib.

– Adı nədir?

– Yox, adını açıqlamayım, ərə getsəm deyərəm. (adını qulağıma pıçıldayır, amma xahiş edir ki, yazmayım)

– Yaxşı onda adı lazım deyil, baş hərfi?

– Baş hərfi F.

– Deyirsən, yaraşıqlıdır, pulu var, subaydır, niyə naz edirsən ki?

– Xəyanəti sevən insan deyiləm. Bəzi qızlar sevgilisi ola-ola başqası ilə görüşür. Bu, mənə çatmır. Adam kimisə sevirsə, ona necə xəyanət edə bilər ki? Qızın sevgilisi ola-ola başqasına ərə gedərsə, hər məqamda ərinin gözündən oğurlanıb, onunla görüşməyə can atacaq. Mən belə bir həyatı yaşamaq istəmirən. Çünki sevdiyim insan var.

– Bəs o, sənə niyə evlənmək təklifi etmir?

– Sözüm elə burda bitsə yaxşıdır.

– Sonradan peşman olmayacaqsan ki?

– Kişilər qadınlar qədər fədakar deyil. Qadın sevdiyi kişi üçün özünü fəda edir, sevəndə gözü ayağının altını görmür. Ola bilər ki, nə vaxtsa peşman olacam. Elə həyatımı sevgiyə həsr etməsəydim, ailəm də olardı. Bunu kişi dərk etməlidir. Ümid edirəm ki, sevdiyim kişi məni peşman etməz.

Cəvahir
Foto: Aytək

COP29